Paytaxtda ciddi dəyişikliklər olacaq, yeni böyük
layihələr var.
2030-cu ilə qədər Bakının büsbütün dəyişəcəyi gözlənilir. Buna
səbəb günlər keçdikcə paytaxtda baş verən sıxlıqdır. İnsanların
rayonlardan mərkəzə doğru üz tutmaları paytaxtda ciddi problemlər
yaradıb.
"Böyük Bakının Regional İnkişaf Planı" təsdiqlənəndən sonra
şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur.
Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.
"Böyük Plan"a əsasən, iri sənaye müəssisələrinin mərkəzdən
köçürülməsi, seyrək məskunlaşma yerlərində sıxlığın artırılması,
çoxmərtəbəli yaşayış binalarının tikintisi, yararsız və çirklənmiş
torpaqların bərpası nəzərdə tutulur.
Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati
ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf,
şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına
Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından
baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası
nəzərdə tutulub. Layihəyə görə, Dəmiryol Vağzalının ərazisi
kiçildiləcək. Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək.
Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət
qatarlarının çəkilişi nəzərdə tutulur.
Şübhəsiz, yeni plan Bakıda sıxlığın aradan qaldırılmasında
müsbət rol oynayacaq. Bakı ətrafında yeni peyk şəhərlərinin və
qəsəbələrin salınması da yeni plana əsasən gündəmdədir. Hazırda
konsepsiya ətrafında müzakirələr aparılır.
Paytaxtda əhalinin sayı 2011-ci ilin statistikasına əsasən, 2,6
milyon nəfərdir ki, 2030-cu ildə bu rəqəm 3,850 000 olacaq. Bunun
müqabilində 15 ildən sonra mənzillərə də tələbat artacaq. Yeni
planda 300 mindən artıq yeni mənzilin tikintisi planlaşdırılır.
Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda
söküntü işləri "Sovetski" adlanan məhəllədə aparılır. Bundan əlavə
"Xutor", "Kubinka", "Beşmərtəbə" adlanan zona və "20-ci sahə"də
söküntü işlərinin aparılacağı gözlənilir.
"Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, "Qara şəhər"
adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv
edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də
nəzərdə tutulur.
Bununla yanaşı, "Bakı Ağ şəhər" bulvarının salınması
istiqamətində də işlər aparılır. "Bakı Ağ şəhər" ölçülərinə görə
Monakodan böyük və "İçərişəhər"in ərazisindən 11 dəfə artıq olan
221 hektar ərazini əhatə edəcək və bu, məkanı Qafqaz regionunun ən
iri layihəsinə çevirəcək.
İlin sonuna qədər o istiqamətdə əlavə 2 kilometr bulvar,
avtomobil yolu, ictimai yerlər, parklar salınacaq. Bulvar "Ağ
şəhər"dən Bibiheybətə qədər uzanacaq.
Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil
müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata
keçiriləcək. Ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən,
Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi
planlaşdırılır.
"Böyük Bakı" layihəsinin maddi dəyəri 139.597 milyard manatdır.
/Musavat.com/