Axar.az
Yuxarı

150 ədəd su quyusu qazılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin sonuna qədər Azərbaycanda daha 150 ədəd quyunun qazılması təmin ediləcək.

Axar.az xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O qeyd edib: "Ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılması, yeni iş yerlərinin yaradılması haqqında Sizin verdiyiniz tapşırıqların yerinə yetirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür. Sizin diqqət və qayğınız sayəsində son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi aparılıb, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

Ulu Öndərimizin ideyalarının Sizin tərəfinizdən həyata keçirilməsi nəticəsində su elektrik stansiyaları, magistral kanallarla birlikdə Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri reallaşdırılıb. Nəticədə 200 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması, 50 min hektara yaxın yeni suvarılan sahələrin dövriyyəyə cəlb olunması imkanları yaradılıb, Bakının, Sumqayıtın, Gəncənin, ətraf rayonların içməli su ilə təmin edilməsi kimi strateji əhəmiyyətli sosial problemin həlli mümkün olub.

Möhtərəm cənab Prezident, Sizə məlumat vermək istəyirəm ki, bu il 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Taxtakörpü su anbarı tam layihə həcmində - 270 milyon kubmetr su ilə doldurulub və qurğu tam gücü ilə işləməyə başlayıb. İstifadəyə verildiyi vaxtdan indiyədək su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinə verilib".

Ə.Əhmədzadə bildirib ki, Taxtakörpü su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilmiş 11 min hektara yaxın yeni suvarılan torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Xızı, Siyəzən və Şabran rayonlarında cari ildə daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və meliorativ vəziyyət yaxşılaşdırılacaq:

"Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi nəticəsində su mənbəyi işğal altında olan Goranboy rayonunun 8 min hektar sahəsinə su çatdırılıb, daha 18 min hektardan çox sahəyə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsi cari ildə suvarma suyu ilə təmin ediləcək.

Möhtərəm cənab Prezident, Sizin sərəncamlarınızla ayrılmış vəsait hesabına Kür çayında nasos stansiyasında və "H" kanalında tikinti işləri davam etdirilərək 2017-ci il mayın 1-nə birinci mərhələdə Sabirabad rayonunun 4 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun 5000 hektar qış otlaq sahələrinə də suvarma suyunun çatdırılması təmin olunacaq. Cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək sentyabr ayında Neftçala rayonunun 5605 hektar və Ağcabədi rayonunun 2700 hektar yeni suvarılacaq torpaq sahələri istifadəyə veriləcək. Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaratmaq məqsədilə Araz çayının yeni qolunun inşa olunmuş hissəsinin davamı olaraq, 54 kilometr uzunluğunda kanalın tikinti işlərinə başlanılıb və bu işlər oktyabr ayında tamamlanacaq".

ASC sədri deyib ki, Qax rayonunda yaradılmış "Qax Aqropark"a məxsus 1500 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb:

"Dünya Bankının krediti ilə İmişli, Ağcabədi, Saatlı və Goranboy rayonlarında 9 min hektardan çox əkin sahələrinin su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Eyni zamanda, Şabran, Siyəzən, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında içməli su və kanalizasiya şəbəkələrində, çirkab sutəmizləyici qurğularında tikinti işləri davam etdirilir.

Sizin müvafiq sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına cari ildə 98 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib, ilin sonuna qədər daha 150 ədəd quyunun qazılması təmin ediləcək. Cəmiyyət tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr hesabına cari ildə 99 min hektar, o cümlədən 72 min hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək və 27 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Suvarma su mənbəyi yaradılan bu ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və torpaqların meliorasiyası işləri aparılmaqla intensiv texnologiyalar əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaq.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihəsinin - Yuxarı Şirvan kanalının yenidən qurulmasının Cəmiyyət tərəfindən xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb. Yuxarı Şirvan kanalının torpaq məcrada 60 ilə yaxın fasiləsiz istismarı nəticəsində su itkilərinin artması, suvarma suyu ilə təminatda çatışmazlıqların yaranması, eləcə də qurğuların yararsız hala düşməsi torpaqların meliorativ vəziyyətinin pisləşərək deqradasiyaya uğramasına səbəb olur. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə, 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınması imkanları yaradacaq. Sizin tapşırığınızla Yuxarı Şirvan kanalının yenidən qurulmasının ilkin texniki-iqtisadi əsaslandırma sənədlərinə hazırda dövlət qurumları tərəfindən baxılır.

Möhtərəm cənab Prezident, suvarma və kollektor-drenaj şəbəkələrində, hidrotexniki qurğularda, subartezian quyularında, nasos stansiyalarında təmir-bərpa və digər müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi ilə 1 milyon 376 min hektar sahədə, o cümlədən 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilər orta hesabla 2,5 dəfə suvarılıb".

Ə.Əhmədzadə əlavə edib ki, cari ildə 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6807 kilometr suvarma kanalları və 1489 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib: "Su təminatı çətin olan fond və qış otlaq sahələrində əkilmiş pambıq sahələrinin suvarılması üçün daxili imkanlar hesabına 1436 kilometr yeni suvarma kanalları və 61 kilometr kollektor-drenaj şəbəkəsi qazılıb, onların üzərində 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən yerlərdə 14 səyyar nasos stansiyası, 26 müxtəlif nasos aqreqatı, 241 subartezian nasosu və s. quraşdırılıb. Vegetasiya suvarmasının müvəffəqiyyətlə başa çatdırılması üçün bütün imkanlar səfərbər edilib. Eyni zamanda, 2017-ci ildə rayon icra hakimiyyətlərinin təklifləri əsasında Cəmiyyətin layihə institutu tərəfindən Ağdaş, Salyan, Kürdəmir, Hacıqabul, İmişli, Neftçala və Samux rayonlarının, ümumilikdə, 50 min hektara yaxın torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə-smeta sənədləri hazırlanaraq onlara təhvil verilib. Cəmiyyət tərəfindən bu işlərin həyata keçirilməsi üçün lazımi texniki və metodik kömək göstərilib".

Tarix
2017.07.13 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə və Azərbaycanın birgə təlimləri davam edir - Foto

Kolleclərə ixtisas seçimi başlayır - DİM

Azərbaycanda neçə nəfər peyvənd olunub?

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Tankçılarımız normativləri yerinə yetirdilər

MN həftəlik icmalını təqdim etdi - Video

Snayperlərimiz İrana getdilər

Moskvada Azərbaycan pavilyonu yaradıldı

Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Sabahın hava proqnozu açıqlandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla