Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər
Nazirliyi ilə birgə iyunun 3-də vergi orqanlarına işə qəbul olmaq
istəyən namizədlər üçün test imtahanı keçirir. İmtahan saat
11:00-da Bakı şəhərində 6 binada təşkil olunacaq. Namizədlər
"İmtahana buraxılış vərəqəsi"ni mayın 30-dan iyunun 1-dək Vergilər
Nazirliyinin inzibati binasından götürməlidirlər.
İmtahanda iştirak etmək üçün 1931 namizəd qeydiyyatdan keçib.
Prosesin idarə edilməsi üçün 168 nəzarətçi-müəllim, 24 imtahan
rəhbəri ayrılıb.
Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər
Nazirliyi tərəfindən suallardan ibarət test toplusu çap olunaraq
onların istifadəsinə verilib. İmtahanda müvafiq sahə bilikləri üzrə
(hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual
bankından seçiləcək.
10 sual namizədlərin informatika üzrə biliklərinin, 10 sual isə
məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə
tutulur (həmin suallar TQDK tərəfindən hazırlanır). İmtahan 3 saat
davam edəcək. Hər sual 1 balla qiymətləndirilir. İmtahan
nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti
mərhələyə buraxılacaqlar.
TQDK iyunun 3-də həm də ədliyyə orqanlarında işləmək istəyən
namizədlər üçün test imtahanı keçirəcək. İmtahanda iştirak etmək
üçün 382 namizəd qeydiyyatdan keçib. Sənədlərin qəbulu Ədliyyə
Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayıb və mayın
26-da başa çatıb. İmtahan saat 10:00-da Azərbaycan Texniki
Universitetinin idman sarayında keçiriləcək.
İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual
kitabçası təqdim olunur - 80 sual namizədin hüquq və qanunvericilik
sahəsi üzrə biliyini yoxlayır, 20 sual isə namizədlərin məntiqi
nəticə çıxarma qabiliyyətini müəyyən edir .
Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik
sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi
nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə
hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan
maksimal bal 90-a bərabərdir.
Test imtahanının yekununa görə 55 və daha artıq bal toplayan
namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər
sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata
keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab
verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.
İmtahanların nəticələri həmin gün TQDK-nın internet saytında
yerləşdiriləcək. /Teleqraf.com/