Azərbaycan Dövlət Neft Şirkətinin təsisçisi olduğu
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət
göstərən "Araz Kursları" MMC, onun təsisçisi olduğu digər
qurumların və ümumtəhsil məktəblərinin (1 gimnaziya, 11 lisey və 1
Beynəlxalq İstedadlar Kompleksi) fəaliyyətini dayandırmasından
sonra "ÇAĞ Öyrətim" İşlətmələri ətrafında gedən söz-söhbətlər
səngimək bilmir.
Axar.az bu son olayların Qafqaz Universitetinə təsirini öyrənmək
üçün universitetin İctimaiyyətlə əlaqələr üzrə prorektoru Natiq
Paşa ilə bu mövzu ətrafında hazırladığı müsahibəni təqdim edir.
- "Araz kursları"nın bağlanmasından sonra Qafqaz
Universitetini hansısa təhlükə gözləyirmi?
- Dünən İdarə Heyəti qərar qəbul edib, bizə də qərara hörmət
edib yerinə yetirmək qalır. İdarə Heyəti belə məsləhət görüb ki,
ümumtəhsil məktəbləri də daxil olmaqla "Araz kursları" bağlansın,
amma Qafqaz Universitetinin fəaliyyəti davam etdirilsin. Yayılan
başqa məlumatların hamısı dezinformasiyadır. Universitet
fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur. Əksini arzu
edən insanlar var əlbəttə, buna bazar rəqabəti də, gözü götürməyən
insanların istəyi də demək olar. Rəsmi olaraq Qafqaz
Universitetinin bağlanacağı haqda heç bir məlumat yoxdur.
Qafqaz Universitetinə bu il Təhsil Nazirliyi tərəfindən 930 yer
verilib, bu, abituriyent jurnalında da artıq elan olunub. Bunun
530-u dövlət sifarişlidir, 400-ü ödənişli əsaslarladır,
fəaliyyətimizi uğurla davam etdiririk.
- Qafqaz Universitetinin rəhbərliyinin Türkiyə
türklərinin əlindən alınıb tam olaraq azərbaycanlıların ixtiyarına
verilməsi barədə yayılan məlumatlar var. Bu haqda sizə hər hansı
məlumat verilib?
- Elə bir şey gündəmdə yoxdur. Onsuz da Qafqaz Universitetində
dərs deyən müəllimlərin 89%-i azərbaycanlı (bu göstərici 87% idi,
bu il 89%-ə çıxıb, hər il də artmaqda davam edir), yerdə qalır 11%.
Bu 11% də sadəcə, türklərdən ibarət deyil, bunların arasında
Misirdən, Pakistandan, Amerika və Rusiyadan olan müəllimlərimiz də
var. Bunların hamısı 11% təşkil edir, rəqəmləri dəqiq xatırlamıram
indi, azərbaycanlı olmayan müəllimlərin cəmi sayı, təxminən 30
nəfərdir. Universitetin idarəsindən də türklərin alınması,
dəyişdirilməsi, artıb-azalması məsələsi yoxdur gündəlikdə. Amma
mətbuat daha yaxşı bilir bunu, bir adam hər hansı müəssisəni
ömürlük idarə edəcək kimi bir qanun yoxdur. Hər zaman hansısa bir
dəyişiklik ola bilər.
- Qafqaz Universitetinin Təhsil Nazirliyinin sərəncamına
keçməsi mümkündürmü?
- Belə bir şey yoxdur. Amma olarsa, çox sevinərik, etiraz
etmərik yəni (gülür). Dediyim kimi, onsuz da qəbulda 930 yerin
530-u dövlət sifarişlidir, təxminən 60%-ə yaxınının təhsil haqqı
dövlət tərəfindən ödənilir.
- Hal-hazırda Universitetdə təhsil alan tələbələr,
onların valideynləri narahatlıqlarını bildirirlərmi?
- Nəinki tələbələr, valideynlər, eləcə də dostlarımız,
qafqazsevərlər çox narahat olublar bu məsələlərə görə. Zəng
vururlar, gəlirlər, amma bir daha buradan da bildirmək istəyirəm
ki, narahatlığa heç bir əsas yoxdur. Bizim üst qurumumuz olan
Beynəlxalq Təhsil Mərkəzinin idarə heyəti Qafqaz Universitetinin
fəaliyyətinin davam etdirəcəyini rəsmi surətdə bildirib.
Dəyişiklik, bağlanma hər qurumda olduğu kimi daxili bir işdir,
daxili bir prosedur, daxili siyasətdir və bu hər qurumda ola bilər.
Bu il bizdə yeni, "İnşaat mühəndisliyi" adlı fakültə açılır. Bu
ixtisası açmaqda xüsusi bir məqsədimiz yoxdur, sadəcə, ehtiyac,
tələbat var, ona görə açılır. Yəni tələbat yoxdur deyə, "Araz
kursları" bağlanır, bu mənim fikrim deyil, mən düşünürəm ki, əgər
bir təşkilatın idarə heyəti, rəhbərliyi belə qərar qəbul edirsə,
Təhsil Nazirliyi belə açıqlama verirsə, biz buna sayğıyla
yanaşmalıyıq, üzərimizə düşən nə isə, onu da yerinə yetirməliyik və
yetirəcəyik.
- Sizcə bu söz-söhbətlər qəbul imtahanları zamanı
faizlərə təsir edəcək?
- Bunu zaman göstərəcək, arzu edirik ki, etməsin. QU keçən il
birinci mərhələdən, ikinci mərhələyə yer qalmadan bütün yerləri
100% doldurub. Arzu edirik ki, bu il də davam eləsin bu uğur. Bu il
uğurlarımız bol olub. Universitetdə 3 konfrans keçirmişik. İkisini
tək bizim universitet, birini müştərək. İyun ayının 11-i məzun
törəni oldu universitetimizdə, çoxlu qonaqlarımız, rəsmi şəxslər
iştirak etdi tədbirlərimizdə. Bunların münasibətində heç bir
dəyişiklik hiss etməmişəm mən. Amma təsir edib-etmədiyini qəbuldan
sonra dəqiq demək olar, əgər yerlər 100% dolsa, demək təsiri
olmayıb, əksi olsa, demək, təsir edib bu söz-söhbətlər.
- QU ilə bağlı problemlər bu ildən başladığı görünür.
Müəllimlərin SOCAR işçiləri ilə danışıqlarının səs yazılarının
yayılması və s. Sizcə, buna səbəb 2013-cü ilin oktyabrında
Türkiyədə başlayan hadisələrdir, yoxsa problemin Türkiyə ilə
əlaqəsi yoxdur?
- Sadəcə, onu deyə bilərəm ki, Qafqaz Universitetinin
hal-hazırda Türkiyə ilə heç bir orqanik, dolayı və birbaşa əlaqəsi
yoxdur. QU Azərbaycanda təsis olunmuş, Azərbaycan Təhsil
Nazirliyinin proqramları ilə, nəzdində fəaliyyət göstərən, hazırda
da Beynəlxalq Təhsil Mərkəzinin (ictimai birlik şəklində olsa da)
tərkibində olan bir müstəqil Universitetdir. Bizim nə qəbul, nə
idarəetmə, nə də maliyyə söhbətlərinə Türkiyənin heç bir qarışacağı
yoxdur. Misal üçün deyim, Xəzər Universitetinin rektoru bir neçə il
bundan qabaq, səhv etmirəmsə, Amerikadan təyin olunmuşdu, xarici
ölkələrdən Azərbaycan təhsil müəssisələrinə rəhbər təyin oluna
bilər, müəllimlər gəlib burda dərs deyə bilər. Vaxtilə Qafqaz
Universiteti də qurulanda Türkiyədən müəllim, idarə heyəti dəvət
olunub Universitetin qurulmasında iştirak ediblər. Universitetin
təsisçiləri içərisində türkiyəli iş adamları da olub. Universitetin
yaranmasında Türkiyənin dolayı bir bağı olub. Hal-hazırda isə
Türkiyə ilə qətiyyən əlaqəsi yoxdur. O biri təhsil müəssisələrinin
bağlanmasının da Türkiyə ilə əlaqəli olduğunu düşünmürəm, dediyim
kimi, şirkət, birlik daxilində verilən bir qərardır bu. Niyəsini
artıq biz müzakirə etmirik, yetkililərin, üstqurumun aldığı bir
qərardır. Məncə, diqqətin daha çox Qafqaz Universitetinə
yönləndirilməsi üçün alınan bir qərardır.
Son olaraq demək istəyirəm ki, heç bir narahatlıq yoxdur, dünən
olduğu kimi Qafqaz Universiteti bu gün də fəaliyyətini davam
elətdirir. Daha da inkişaf edəcəyinə inanırıq və buna
çalışacağıq.