Qafqaz Müsəlmanları İdarəsinin qazilərindən biri və Bakı Kəndlər
Birliyinin sədri "Allah.az" adlı saytın yaradılması ideyasına
etitaz ediblər.
Nardaran ağsaqqalı Natiq Kərimov bildirib ki, E.Mirinin ideyaları
əksər hallarda Azərbaycan gerçəkliyinə, Azərbaycanın tapındığı
İslam inancına zidd olur. E.Mirinin "Allah" adı ilə sayt açmasının
əleyhinədir:
"Azərbaycan əhalisinin 80 faizi şiə inanclıdır. Amma Elşad Mirinin
ideyaları, səsləndirdiyi fıkirlər daha çox Səudiyyə Ərəbistanından
gəlmə düşüncələrə oxşayır. Elşad Miri milyonlarla azərbaycanlının
tapındığı Aşuranı başqa cür qələmə verməyə çalışır. Bizim alimlər
istənilən məsələdə Elşad Miri ilə polemikaya hazırdır".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi dini vəhhabilikdir.
E.Miri haqqındə səslənən ittihamlara cavab verib. O bildirib ki,
Azərbaycanın tapındığı İslam dinini deyil, Allahın göndərdiyi dini
yaşamağa çalışır:
"Bunu da Onun göndərdiyi Kitabına və Elçisinin səhih sünnəsinə
uyğun həyata keçirirəm. Azərbaycanın tapındığı İslam dini ildə bir
dəfə Aşuraya gedib nəzir-niyaz paylamaqdırsa, haranısa pir halına
gətirib ordakıların vasitəsilə Yaradandan nə isə istəməkdirsə, bir
ölü üçün xərclənəni (yas məclislərindən çadırlara, mərmərdən olan
baş və sinə daşlarından ehsanlara kimi olanları) Allah üçün
xərcləməməkdirsə, Allahın dirilər üçün göndərdiyi Kitabını ölülər
üçün oxuyub pul qazanmaqdırsa, əxlaqsızlığa siğə adı altında don
geyindirməkdirsə, bəli, ağsaqqal düz buyurur, bu mənim tapındığım
din deyil.
İkincisi "Allah.az" adlı domeinin şiəliyə və ya sünniliyə nə
aidiyyəti olduğunu anlaya bilmədim. Mən özümü Allahın əmrinə uyğun
olaraq müsəlman adlandırır və hansısa məzhəbə özümü aid etmirəm.
Allahımız da Quranda bizdən firqələşməməyi buyurursa, bu fərqli
fikirdə olanların öz işidir... Kiminsə neçə faiz olmasının da bura
nə aidiyyəti olduğunu başa düşmürəm.
Üçüncüsü, səsləndirdiyim fikirlərin Səudiyyə ilə nə üçün
əlaqələndirilməyini isə heç anlamıram. Yoxsa mən ordakı krallığı
tərifləyirəm və ya onların etdiklərinə haqq qazandırıram, yaxud
onlar "Allah.az"-ın açılmasının tərəfdarı olduqlarını demişəm...
Allahıma şükürlər olsun ki, mən bu cür fikirlər səsləndirənlər
kimi, İslamı hansısa ölkə ilə heç vaxt əlaqələndirmirəm və heç bir
ölkəni də İslamın bayraqdarı olaraq qəbul etmirəm... Amma
səsləndirdiyim fikirlərin Ərəbistan yarımadasından bizə gələn
Quranla və Allahın sonuncu Elçisi ilə əlaqəlindirilirsə, buna ancaq
təşəkkür edirəm...
Dördüncüsü, mən milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa
cür deyil, Məhəmməd peyğəmbərin göstərişinə uyğun olaraq oruc
tutmağa səsləyirəm. Allahın özünüzə zülm verməyin əmrinə uyğun
olaraq ("Tövbə" surəsi, 9/36) əzadarlıq adı altında riyaya yol
verməməyə çağırıram... Aşuraya isə tapınmırlar, Allaha
tapınırlar".
Elşad Miri sonda bildirib ki, "əgər bu mövzuda "alimlər"iniz
polemikaya hazırdırlarsa, onda gərək bir az da öyrənsinlər ki,
qarşıma çıxa bilsinlər".
Məşədi Dadaş məscidinin imam-camaatı, Mənəvi Dünya İctimai
Birliyinin sədri Hacı Şahin Həsənli də "Allah.az" adlı saytın
yaradılmasını düzgün hesab etmədiyini "Aznews.az" saytına deyib. O
bildirib ki, Allah-Təalanın təbliği başqa resurslarla da aparıla
bilər:
"Hər kəsin öz fikiri var. Amma mən bunun əleyhinəyəm. Rəbbimizin
adının bu istiqamətli fəaliyyət üçün istifadə olunması məqsədəuyğun
deyil. İnternet resurslarda belə işin görülməsi Allah-Təalanın
şəninə yaraşmayan hərəkətdir".
Xatırladaq ki, Elşad Mirinin
"Allah.az" adlı sayt yaratma ideyasını və bu yöndə artıq
hazırlıq işlərini bir müddət əvvəl "Axar.az" olaraq yazmışdıq.