Şahin Sultanovu həbs edə bilərlər; Vitse-admiralın adı
əsgər ərzağının oğurlanmasına da qarışdı
Noyabrın 25-dən etibarən Müdafiə Nazirliyinin Hərbi Dəniz
Qüvvələrində 12 nəfərdən ibarət təhqiqat qrupu total yoxlamalara
başlayıb. Yoxlamanın bu qoşun növünün bütün sahələrini əks
etdirəcəyi haqda məlumat var. Yoxlamaya səbəb isə Bibiheybət
qəsəbəsində yerləşən və vitse-admiral Şahin Sultanova tabe olan
hərbi hissədə baş verən hadisədir. Belə ki, yeni nazirin təyin
etdiyi Hərbi Polis İdarəsinin rəisinin göstərişinə əsasən
göstərilən ərazidə qəfil reyd keçirilib, hərbi hissənin ərzaq
anbarından böyük miqdarda ərzaq məhsulları çıxarılması faktı qeydə
alınıb. Oğurluq hadisəsinin qarşısı alınıb, aktlaşdırılıb və ərzaq
anbarı möhürlənib. Olay haqda müdafiə nazirinə məlumat verilib.
Müharibə şəraitində olan bir ölkədə əsgərə veriləcək ərzağın talan
edilməsi nazirin qəzəbinə səbəb olub.
Belə məlumat var ki, Ş.Sultanov tabeliyində olan hərbi
birləşmədə vəziyyətə nəzarət edə bilmir. Belə qanunsuzluqlar isə
hər gün baş verir. Zakir Həsənovun oğurluq hadisəsinə münasibəti
çox kəskin olub və o, bununla bağlı nazirliyin arxa cəbhə
xidmətlərinə Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılmasına
göstəriş verib.
Müdafiə Nazirliyi sistemində adı korrupsiya qalmaqallarında
hallanan generallardan biri də Şahin Sultanovdur. Vitse-admiralın
adı hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi
Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana
düşmüş evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat
dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış
əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. Bundan
başqa, Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək "kod
555" adı ilə tanınan vətəndaş Elxan Hacıyevlə birgə xarici ölkələrə
hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi
avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri,
onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta
sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif
yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması,
hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz
işlətmələri, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi
qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə
qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi
məsələlərdə hallanıb ("Musavat").
Yazıda adı hallanan hər kəsi, o cümlədən Şahin Sultanovu da
dinləməyə hazırıq.