Evdən qaçan 12 və 17 yaşlı qızlar "Bulvar" yaxınlığından
tapılıb.
"Axar.az" "Gün.Az" istinadən xəbər verir ki,
noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən
çıxan 12 yaşlı Leyla Məmmədova və onların qonşusu 17 yaşlı Qönçənin
axtarışı başa çatıb.
Bir neçə gündür təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
həyata keçirən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi
nəhayət dünən axşam saatlarında onları tapıblar:
Bununla bağlı Gün.Az-a açıqlama verən Leylanın atası Müşfiq
Məmmədov bildirib ki, onlar Sahil metrosunun yaxınlığından
tapılıblar:
"Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla
ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş
böyük olan Qönçə yoldan çıxardıb, onlar da qaçıblar. Qönçənin atası
da, anası da ölüb. Onu da indi bibisinə təhvil veriblər. Polislər
onları tapanda yanlarında başqaları da olub. Amma polislər onların
kim olduğunu mənə demədilər" – deyə, M.Məmmədov söyləyib.
Evdən qaçdıqları 6 gün ərzində Leylanın ona tez-tez anonim
nömrələrdən zəng etdiyini deyən M.Məmmədov, bu 6 gündə onların
internet klublarında gecələdiklərini bildirib:
"Bu neçə gündə mənə anonim nömrədən zəng edib "gəlirəm, gəlirəm"
deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki, Qönçənin
telefonu ilə zəng edirmiş.
Onların evdən qaçmalarına hər hansı oğlan söhbəti, ya da
qaçırılma məsələsi səbəb olmayıb. Sadəcə gedib əylənmək istəyiblər.
Uşaqdır da, sözə aldanıb qaçıb gedib. Onları tapanda sağlam
vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa heç nə olmayıb".
Qızının məktəbdə yaxşı oxuduğunu deyən Müşfiq Məmmədov, hər
zaman nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə
edib:
"Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də
hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam.
Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona
psixoloji yardım olunsa yaxşı olar.
Mən özüm "moyka"da işləyirəm. Ayda 300-350 manat qazancım var.
Evi normal dolandırmışam. Qızımın da dolanışıqdan şikayəti
olmayıb.
Qızımın evdən qaçmasından keçmiş yoldaşımın xəbəri olmayıb. Ana
nənəsi bilirdi, o da ona deməmişdi. Neçə gündə bu məsələyə görə də
məni axtarmayıb".