FHN Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə "Avropa İttifaqının
(Aİ) tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinə dəstəyin göstərilməsi" layihəsinin təqdimat
mərasimi olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən
fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki,
Azərbaycanla Avropa İttifaqı arasında uğurla davam edən əməkdaşlıq
çərçivəsində həyata keçirilən layihə mühüm əhəmiyyətə malikdir.
"Tvinninq" aləti namizəd ölkələrə Aİ-nın genişləndirilməsi
ərəfəsində institusional baxımdan yardım etmək məqsədinə xidmət
edir. Ən prioritet sahələrdə mütləq nəticələrin əldə olunması ilə
səciyyələnən "tvinninq" aləti mövcud problemlərin birgə səylərlə
həll edilməsini, spesifik sahələrdə ən yaxşı təcrübənin
götürülməsini və mübadiləsini nəzərdə tutur, Aİ-nin norma və
standartlarının milli qanunvericiliyə mərhələlərlə daxil edilməsini
təmin edir. FHN layihənin icra mərhələlərində inzibati dəstəyini
göstərmiş və bu proses davam edəcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena
Mard və Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel çıxış edərək
Avropa İttifaqının Azərbaycanla uğurlu əməkdaşlığından bəhs etmiş,
bu cür layihələrin hər iki tərəf üçün faydalı olduğunu
vurğulayıblar.
Layihənin rəhbərləri - Almaniya İnşaat Texnologiyaları
İnstitutunun nümayəndəsi Gerhard Breytşaft və FHN Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan
Əsədov layihənin komponentləri haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Tvinninq" alətinin öz
fəaliyyətində tətbiqinə maraq göstərərək, 2010-cu ildə tvinninq
üçün layihə ideyasını təqdim edib. Agentlik tərəfindən irəli
sürülən layihə ideyasına görə, tikintidə normativ sənədlərin Avropa
standartları ilə uyğunlaşdırılması imkan və dərəcəsinin
öyrənilməsi, tikinti sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyinin təkmilləşdirilməsində Avropa təcrübəsinin
öyrənilməsi və ölkənin tikinti sahəsini tənzimləyən mövcud normativ
sənədlər sistemindən Avropa standartlarına keçid üçün ilkin
şəraitin yaradılması məqsəd kimi qarşıya qoyulub.
Layihənin icrasına Avropa İttifaqının 5 ölkəsi – Almaniya,
Avstriya, Böyük Britaniya, Sloveniya və Litva maraq göstərərək, öz
təkliflərini təqdim ediblər. Öz potensial və idarəetmə imkanlarına
görə, eləcə də Agentliyin fəaliyyəti ilə uyğunluq baxımından
tvinninq layihəsi üzrə tərəfdaş ölkə olaraq Almaniya Federativ
Respublikası, inzibati tətbiqedici orqan isə Almaniyanın İnşaat
Texnologiyaları İnstitutu (DIBt) seçilmişdir. Eyni zamanda
layihənin icrasına Almaniya tvinninq heyəti tərəfindən Latviya
ekspertləri cəlb olunmuş, layihəyə federal hökümət tərəfindən
inzibati və maliyyə dəstəyi təmin olunub.
Tərəflər arasında Tvinninq kontraktı imzalanmış, məqsəd,
vəzifələr, komponentlər, fəaliyyət istiqamətləri, büdcə xərcləri
müəyyənləşdirilmişdir. Kontrakt imzalandıqdan sonra 2014-ci ilin
iyun ayının 2-dən layihənin icrasına rəsmi start verilib.
Layihənin ümumi məqsədi Avropa İttifaqının tikinti
standartlarına keçidin təmin edilməsi və ən yaxşı təcrübənin
mənimsənilməsi yolu ilə Azərbaycan Respublikasında tikintinin
təhlükəsizliyini və texniki keyfiyyətini yüksəltməkdir.
Büdcəsi 900 min Avro təşkil edən və 18 aylıq müddətə hesablanmış
"Avropa standartlarına keçid sahəsində Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinə dəstəyin göstərilməsi" layihəsinin bilavasitə
icrası 2014-2015-ci illəri əhatə edəcək.