"Qasımbəy" məscidinin imam-cüməsi Samir Ağayev Fazil
Mustafanın irəli sürdüyü fikirlərlə bağlı "Təriqət əleyhinə
dissertasiya müdafiə edən təriqətçi deputat" başlıqlı məqalə yazıb.
Yazını təqdim edirik.
"Son günlərdə millət vəkili Fazil Mustafanın aşura və Əhlibeyt
məktəbi barədə mətbuatda irəli sürdüyü fikirləri yəqin ki,
gördünüz. Doğrusu, mən onu sivil və obyektiv bir ziyalı bilirdim.
Təəssüflər olsun ki, onun son yazıları məni təəccübləndirdi.
Əvvəlki fikirlərinə cavab verildiyindən üstündən keçirəm.
Saytların birində "Azərbaycanda bir məktəb belə açmayan
şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır"
deyə fikir səsləndirən Fazil Mustafa bununla nə demək istəmişdir
görəsən?
Fazil bəy! "Şərəfsizlər" dedikdə kimləri nəzərdə tutmusunuz?
Kimlər bir məktəb tikməklə "şərəfli" statusunu qazanır? Belə çıxır
ki, sizin nəzərinizdə şərəfli olmağın meyarı məktəb tikməkdir.
Kimin tərəfindən tikilməsi isə qətiyyən fərq etməz. Nurçular,
vahabilər hətta ermənilər belə Azərbaycanda bir məktəb tiksələr siz
onlara "şərəfli" statusunu verəcəksiniz.
Fazil bəy! Yazınızı oxuyanda "şərəfsizlər" sözünün şiələrə
ünvanlandığı açıq-aşkar bilinir. Şiəlik bu xalqın ənənəvi
məzhəbidir. Bu xalq məktəbsiz deyil ki, hansısa bir məktəb
tikdirməlidir. Məktəbi olmayanlar məktəb tikir.
Nurçulara gəldikdə isə həmin məktəblərdə balalarımıza elm
öyrətmək adı altında öz ideologiyalarını aşılamaları heç kəsə gizli
deyildir. Xalqımızın övladlarına yad bir ideologiyanı aşılamaqla
yanaşı, onları tariximizə və tarixi şəxsiyyətlərimizə bədbin
edirlər. Mən dəfələrlə onların məktəbini bitirən məzunlarla təmasda
olmuşam. Onlarda Azərbaycanın böyük oğlu Şah İsmayıl Xətaiyə qarşı
qəribə bir kin və nifrətin olduğunu görürəm. Bunun səbəbi nədir
"acaba"?
"Siğədən doğulanlar" ifadəsinə gəldikdə isə deməliyəm ki, bu
nikah qanunu şiə məzhəbinin fiqhində təsbit olunmuşdur. Bununla
yenə şiələri təhqir etmisiniz. Bu haqqı sizə kim vermişdir? Indiyə
qədər bircə nəfəri göstərə bilərsinizmi ki, bu yolla dünyaya
gəlsin? Gəlin belə bir müqayisə edək: Azərbaycanda dini kəbin
kəsdirmək qanunda nəzərdə tutulmayıb, indi kimlərinsə bunu əlində
bəhanə edib bizə vələdüz-zina deməyə haqqı varmı? Əlbəttə ki,
xeyir. Çünki, bütün din və məzhəb mənsubları, hətta bütpərəstlər
belə öz qanununa uyğun kəbin kəsdirsələr, o kəbin düz, onlar da
halalzadədirlər. Bu bütün islam təriqətlərinin birmənalı olaraq
qəbul etdiyi bir nəzərdir, cənab təriqətlər əleyhinə dissertasiya
müdüfiə edən!
Azərbaycanda kifayət qədər dini kəbin deyil, "zaqs"la dünyaya
gələnlər var, indi bizim onlara "kəbinsiz dünyaya gələnlər" deməyə
haqqımız varmı?
Ümumiyyətlə bu cür cahilanə yanaşmalar, bu təhqirlər
məzhəblərarası söhbətləri qızışdırır. Siz bunu bilməmək qədər cahil
deyilsiniz. Müsəlmanların indiki dövrdə ən çox birliyə ehtiyacı
olduğu halda bu sözlərlə kimin dəyirmanına su tökmək
istəyirsiniz?
"Mən heç bir təriqəti qəbul etmirəm" fikrinə gəldikdə isə
mümkünsüz bir iş olmaqla yanaşı, həm də adətən yaşadığı cəmiyyətin
ideologiyasını deyil başqa bir ideologiyanı qəbul etmiş, amma özünü
bu və ya digər səbəbdən gizlədən insanlara xasdır. Xüsusilə son
dövrlərdə "nə şiəyəm, nə də sünnü, Quran yolu gedən əsl müsəlmanam"
deyə fikir səsləndirən vahabiləri görürük. Elşad Miri kimilər də
özünü bu yolla gizlətmək istəyirlər.
Əgər biz qəbul etsək ki, doğrudan da siz heç bir təriqəti qəbul
etmirsiniz, onda yeni bir təriqət yaratmış olursunuz. Çünki, hər
bir təriqət elə digər təriqətləri qəbul etmədiyi üçün yaranıb,
cənab təriqətlər əleyhinə dissertasiya müdafiə edən!
Məhərrəm ayı girəndən siz aqressivləşmisiniz, hirsiniz o həddə
çatıb ki, xalqı artıq təhqir edirsiniz. Tövsiyəmiz budur ki,
məhərrəmlik girəndə aşura mərasimləri keçirilməyən qeyri-müsəlman
bir ölkəyə (əgər tapa bilsəniz) istirahətə gedəsiniz. Elə bir
normal ölkənin olmadığını nəzərə alsaq, onda bircə ölkə qalır, o,
da Ermənistandır. Qoy bu mərasimlərdə səsləndirilən "Hüseyn vay"
sədaları qulağınıza dəyməsin. Əsəbləriniz də sakitləşər.
Allah Təala bu xalqı fitnəkarlardan qorusun. Amin!"
az.islam.az