Rüşvətxorluqda ittiham olunan universitet müəllimi,
Təhsil Nazirliyinin əməkdaşına dələduzluq maddəsilə ittiham elan
edilib.
Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, vətəndaş
Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə
girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma
yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi
digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı
yekunlaşıb.
Aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın
Azərbaycan Pedoqoji Universitetinin müəllimi Zemfira Qasımova,
Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə
Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə
qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin
müxtəlif ali təhsil müəssisələrinə qəbul etdiriblər. Həmçinin onlar
həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə
yalandan vəd edib aldatdıqları şəxslərə saxta diplomlar veriblər.
Habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə
təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan
ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu
aldatma yolu ilə ələ keçiriblər.
Bu faktlarla əsasən Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin
178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri
saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova,
Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət
Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla
dələduzluq) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti
üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.