"Hesab edirəm ki, abonentlərin hüquqlarının pozulması
hadisəsi kimi özünü göstərən bu məsələ qanunvericilik qaydasında
tənzimlənməlidir".
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
razılaşdırılmamış reklam mesajları ilə bağlı məsələyə aydınlıq
gətirərkən söyləyib. O, mobil operatorların hər hansı qurumların
marağını təmin edəcək bu cür mesajlardan istifadə etməsinin doğru
olmadığını bildirib:
"Parlament həmkarlarımdan biri tərəfindən bu məsələ
qaldırılmışdı. Hər kəs onu müdafiə etmişdi. Hesab edirəm ki, haqlı
olaraq abonentlərin hüquqlarının pozulması hadisəsi kimi özünü
göstərən bu məsələ qanunvericilik qaydasında tənzimlənməlidir,
yoluna qoyulmalıdır. İş ondadır ki, mobil daşıyıcılarının hamısına
bu cür mesajlar gəlir. Bu azmış kimi, onların müxtəlif
əhval-ruhiyyəsi və psixoloji effekti olur. Bundan da əlavə xarici
ölkələrdə olarkən, rominq xidmətində onlar müxtəlif ödənişlərə
səbəb olur, yəni konkret olaraq onun xərci yaranır. Bu isə çox
cüzi, gözəgörünməz ola bilər. Amma hər bir halda vətəndaşın
balansına hansısa yardımlar etməyən operatorların ixtiyarı yoxdur
ki, onun balansına bu cür xərclər yaratsın. Ona görə düşünürəm ki,
biz bu məsələni tətbiq eləməliyik. Bu yarıtmaz bir şeydir. Əgər
Rusiya qanunvericiləri bunu gerçəkləşdirirsə, deməli, daha nümunəvi
model yaranır, o modeli götürüb bizdə də tətbiq eləmək
lazımdır".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov isə Axar.az-a açıqlamasında
bu məsələyə nazirlikdə də baxılma ehtimalının olduğunu deyib:
"Bununla bağlı əvvəlcə mobil operatorlarla danışmaq lazımdır.
Bunları təşkil edən onlardır. Onu nazirlik təşkil eləmir. Yəqin ki,
bu məsələyə bizdə də baxıla bilər".
Qeyd edək ki, oktyabrın 21-dən başlayaraq Rusiyada mobil telefon
abunəçisinə razılaşdırılmamış reklam mesajı göndərmək mümkün deyil.
Belə ki, reklam mesajlarını göndərmək üçün operator abunəçi ilə
ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun
nömrəsinə reklam tipli mesaj göndərilərsə, Anti-inhisar Xidməti
operatorla bağlı ölçü götürəcək.