Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava
şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor
müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-si günün
ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava
şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam
saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi
gözlənilir.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük
təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı
olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə
8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq,
bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu
qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13,
dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5
dərəcə isti olacaq.
Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı
olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi
rayonlarda sulu qar və qar yağacağı gözlənilir.