Bu gün Bakıda türk texnologiya lideri "KoçSistem"in
Azərbaycanda ilk beynəlxalq şirkətinin - "KoçSistem Azərbaycan"ın
təqdimatı keçirilib.
Axar.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir
ki,tədbirin açılışında çıxış edən Azərbaycan rabitə və yüksək
texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib
ki, ölkənin perspektiv sahələrindən biri olan İKT sektorunda
gələcək inkişafın əsasını qoyan bir sıra layihələr həyata
keçirilir.
"Bu kontekstdə ölkədə xarici İT şirkətlərinə olan tələbat artır
və onların yerli bazarda fəaliyyət göstərməsi üçün hər bir şərait
yaradılır ki, həmin müəssisələr yeni avadanlıq və texnologiyaları
Azərbaycanda tətbiq edə bilsinlər. Bu şirkətlərdən biri də data
xidmətləri, elektron xidmətlər sahəsində böyük təcrübəyə malik
"KoçSistem" şirkətidir. Azərbaycanda informasiya texnologiyaları və
elektron hökumət sahəsində bır sıra böyük yeni layihələr həyata
keçirilir. Bu layihələr tək Bakını deyil, ölkənin bütün
regionlarını əhatə edir. Yeni layihələrin reallaşdırılması
prosesində "KoçSistem" kimi İT üzrə təcrübəli şirkətlərin iştirakı
olduqca vacibdir. "KoçSistem" hazırda Azərbaycanda 4-5 layihədə
iştirak edir. Şirkət tərəfindən "ağıllı" binaların, stansiya
mərkəzlərinin yaradılması ilə bağlı konkret təkliflər təqdim
edilib. Eyni zamanda, elektron innovasiyaların tətbiqi, Avropa
Olimpiya Oyunlarının təşkilində iştirakla bağlı da şirkətin
planları var", - deyə nazir müavini qeyd edib.
"KoçSistem" şirkətinin rəhbəri Məhmət Nalbantoğlu öz növbəsində
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının
reallaşmasında iştirak etmək, ölkənin rəqəmləşməsi prosesinə dəstək
vermək niyyətində olduqlarını bildirib.
"Biz Azərbaycanda təkcə gəlir əldə etmək üçün fəaliyyət
göstərmirik. Bizim əsas məqsədimiz ölkədə "Yüksək Texnologiyalar
Parkı"nın fəaliyyətinin inkişafına dəstək olmaq, yeni
texnologiyaların yaradılmasına, tətbiqinə və xarici bazarlara
çıxarılmasına kömək etməkdir. Azərbaycanın beynəlxalq
əməliyyatlarda iştirak etməsi üçün mövcud potensialının səmərəli
istifadəsi bizim üçün maraqlıdır və biz bu prosesdə ölkəyə dəstək
olmaq istərdik. 70 illik təcrübəmizi sizinlə bölüşmək istərdik", -
deyə o bildirib.
Qeyd edək ki, "KoçSistem" Türkiyə və Azərbaycanla yanaşı,
İngiltərə, Almaniya başda olmaqla bir sıra Avropa bazarlarında
fəaliyyət göstərir. "KoçSistem" brendi altında rəqəmsal nəşriyyat
məhsulu - "Pixage", avtomatik sayğac oxuma sistemi - "Sistemetriks"
və "Elektron Faktura", "Elekton Dəftər" kimi fəaliyyət
istiqamətlərini saymaq mümkündür.