İçəri girən kimi bizi ilk "qarşılayan" saz musiqisinin
sədaları oldu. Bura Zəlimxan Yaqubun evidir, başqa cür ola da
bilməz...
Şair bizi iş otağında qarşıladı, məlum oldu ki, saz festivalını
izləyirmiş. Amma bizi görən kimi dərhal televizoru söndürdü, qalxıb
hal-əhval tutdu. Zəif çıxan səsi ilə redaksiyamızla bağlı suallar
verdi, Salam Sarvanı soruşdu...
Aradakı pauzaları şairin nəvələrinin qonşu otaqlardan gələn
qayğısız səsləri pozurdu...
Çalışdıq ki, şairi çox narahat
etməyək, çünki aşıq-aşkar hiss olunurdu ki, səsinin yerində
olmaması onun özünü də çox narahat edir.
- Necəsiniz, şair?
- Sağ olun, yaxşıyam, bircə səsim məni narahat edir.
- Nəsə yazırsınız?
- Əlbəttə (Divandan qalxıb masanın üzərindən qara üzlü iri
dəftəri gətirir, açır, vərəqləyir, barmaqlarını əlyazmadakı tarix
qeydlərinin üzərinə qoyur. Şeirlərdir. Tarixlərə baxıram: 15.
11.2012; 16.11.2014; 17.11.2014. Hətta dünənki tarixdə yazılan
şeirlər də var. Kağızın boş qalan yuxarı, aşağı, sağ, sol
künclərinə çıxarılan oxlar sonradan edilmiş dəyişikliklərə
işarədir. Sonuncu mətnin altında da qeyd var – R.N.).
- Lap təzə yazmısınız ki...
- (Sonuncu şeirləri göstərir və qeydi oxuyur: " Yüz əlli ilə
yaxındır ki, bizə doğru yol gələn Əhməd Ağaoğluna və onun Tanrı
dağlarına salam olsun..." ) Bu son şeirləri Əhməd Ağaoğluna həsr
eləmişəm. Hələlik, sonuncu silsilədir. Gördüyünüz kimi, yazmaqda
davam edirəm. Bu silsilədən bir neçə şeir də yazmağı düşünürəm. Bax
indi siz çıxıb gedəndən sonra da dincəlməyəcəm, iş masamın arxasına
keçib yazacağam.
- Maşallah, xəstəlik heç yaradıcılığınıza təsir eləmir.
Yenə əvvəlki şövqlə yazırsınız.
- Bəli, əvvəlki enerjidir, əvvəlki ruhdur, əvvəlki yazıdır,
yaradıcılıqdır. Bircə səsim...
- Daim sözlə çalışan, danışan və dinləyən adam üçün
çətindir. Xüsusən də Zəlimxan Yaqub kimi daim gur-gur gurlayan şair
üçün...
- Hə, əziyyət çəkirəm..
- Şair, adətən, belə sualları vermək mənim üçün çətin
olur. Amma həyatdır da, bizim də peşəmizi allah kəsməsin, məcburuq,
üzrlü bilin, bir şey soruşum.
- Buyur, buyur.
- Xəstəliklə bağlı soruşacağam. Ölüm qorxusu yoxdur ki?
Yoxsa bu təhlükə artıq sizin üçün adiləşib?
- Bu suala cavab vermək indi mənim üçün çox çətindir. Bilmirəm,
ölüm sabahdırmı, on gündən sonradımı, iyirmi gündən sonradımı, bir
saatdan sonradımı... Onu bilmək olmaz. Amma mən bunu tam
səmimiyyətlə deyirəm, ölümdən qorxmağa dəyməz. Hamı öləcək. Amma
kişi kimi yaşamaq, bütün insanları ürəklə salamlamaq, ürəklə
qarşılayıb yola salmaq, gözəl yaradıcılıq qoyub getmək mənim
müqəddəs borcumdur.
- Xəstəliklə bağlı həyata və ya yaradıcılığa baxışınızda
nəsə dəyişibmi? Yoxsa elə hər şey əvvəlki qaydadır?
- Hər şey əvvəlki qaydasındadır. Xəstəliyin yaradıcılığa heç bir
təsiri yoxdur. Çünki yaradıcılıq mənim ruhumdadır, ürəyimdədir,
içimdə, daxili dünyamdadır. Onu heç nə mənim əlimdən ala bilməz.
Ölümdən başqa...
- Həmişə deyirsiniz ki, söz
adamını heç nə yıxa bilməz. Bəs sözün özü necə, söz adamını yıxa
bilərmi?
- Əlbəttə, yıxa bilər.
- Hansı söz yıxa bilər, necə yıxa bilər?
- Bu suallara mən cavab verə bilmərəm. Buna yalnız Allahın özü
cavab verə bilər.
- Son müsahibələrinizdə deyirsiniz ki, sazla küsülüyük.
Kim kimdən küsüb – sazmı sizdən, sizmi sazdan?
- Elə ikimiz də bir-birimizdən küsmüşük.
- Niyə?
- Çünki istədiyim kimi ifa edə bilmirəm.
- Yenə müsahibələrinizə istinad edəcəyəm. Deyrisiniz ki,
İsa Hüseynovu heç kəs mənim kimi tanımırdı. Bəs sizi ən yaxşı kim
tanıyır?
- İsa Hüseynov...
- Bəs, həyatda olanlardan kim daha yaxşı tanıyır
Zəlimxan Yaqubu?
- Hamı. Bütün xalq. Bu mənada heç kəsdən şikayətim yoxdur.
Xalqım məni yaxşı tanıyır.
- Bizim redaksiyada sizin bir şeirinizi tez-tez təkrar
edirlər...
- Hansını..?
- Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
- Hə. (Şeiri özünün xırıltılı,
zorla eşidilən səsi ilə təkrar edir, pauza yaranır... Dəqiq ayırd
edə bilmirəm, nəsə deyir, amma mənə elə gəlir ki, "mənimlə də belə
oldu" – R.N. )... Təbiət, təbiət, təbiət...
- Yolunu gözlədiyiniz, amma gəlib çıxmaq bilməyən
adamlar varmı?
- Çox adam var. Gəlməyənləri də var, gələnlər də. Gəlməyənlərdən
də incimirəm. Gələnlər də məni narahat etmirlər. Gələn də sağ
olsun, gəlməyən də...
- "Namərd" çıxan bədənə sözünüz var?
- Çox sözüm var. Çox şeylər var... Mən belə deyildim. Çox sağlam
idim, çox ötkəm, çox möhkəm idim. Amma təəssüflər olsun ki, bədən
naxələf çıxdı. Ruh sağlamdı, yerindədi. Sizi yola salacağam, yenə
yaradıcılıqla məşğul olacağam. Elə siz gələndə də mən yazırdım.
Amma bədənimdən çox narahatam, narazıyam. Namərdlik elədi. Belə
olmamalıydı. Mən həmişə xəstəliyə meydan oxumuşam..
- Dekabrda müayinə üçün Almaniyaya gedəcəksiniz. Bu
səfərdən nə gözləyirsiniz?
- Yaxşılığa doğru nə varsa, hər şeyi.
- Böyrək dəyişmə əməliyyatının aparılması
mümkündür?
- Yox, hələ ki, yox...
- Ən çox nə üçün darıxırsınız?
- Kəndimiz üçün darıxıram. Çox darıxıram. Sonuncu dəfə orada
keçən yay olmuşam. Bilirsən, ən çox nədən ötrü darıxıram? Dibinin
daşlarını saymaq mümkün olan duru bulaqlar üçün...
- İnşallah, yayda gedərsiniz. İndi onsuz da
soyuqdur.
- Hə, soyuqdur...
- Oxucularınıza nə demək istəyirsiniz
- Oxuculara güclü təfəkkür, istedad, mütaliə, müşahidə, ən sonda
və ən əsası isə, sağlamlıq arzulayıram. Çünki dünyada sağlam candan
gözəl heç nə yoxdur...
- Başqa nəsə demək istəyirsiniz?
- Elçin ( fotoqrafımıza işarə edir - R.N.) mənə söz verib,
şəkilləri mənə çatdıracaq... Uşaqların hamısına salam deyin...
Bağışlayın ki, sizi layiqincə qarşılaya bilmədim.
- Siz bağışlayın ki, nasaz vaxtınızda sizi xeyli narahat
etdik.
- Qətiyyən. Çox sağ olun ki, gəldiniz.
-Allah şəfa versin. Dekabrda görüşənədək.
- Sağ olun.
Publika.az