"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
araşdırmalarına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və
müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16
nəfərinin intihar etməsi ehtimalı var.
"Doktrina" JHAM direktoru Cəsur Sümərinli bəyan edir ki, aşağıda
adları çəkilən hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə
Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir.
"Doktrina" JHAM həmin siyahını təqdim edir:
15 fevral. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində
xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti
yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt
şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər
intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl
yazdığı məktubda sevdiyi qızdan bəhs edib. Qeyd edək ki, N.
Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi
xidmətə çağırılıb.
28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il
təvəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu intihar edib.
Müdafiə Nazirliyi bəyan edib ki, əsgər postda olarkən tabeliyində
olan avtomat silahdan atəş açaraq intihar edib. Əsgərin Göyçay
rayonundan hərbi xidmətə çağrıldığı deyilir. Valideynləri bildirir
ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək
qətlə yetirilib.
3 mart. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına
əsasən Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü
Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq
tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından
dünyasını dəyişib.
24 mart. Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı
Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O,
Səbayıl Rayonundan hərbi xidmətə çağırılıb.
6 aprel. Azərbaycan ordusunun əsgəri intihar edib. Tərtər
rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub
oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş
nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.
20 aprel. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri,
1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz
rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu
ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat
edib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən
məlumata görə, əsgərin ölümü ilə əlaqədar Sumqayıt Hərbi
Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə
çatdırma) maddəsi ilə cinayət işi açılıb.
23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində
kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət
keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu
Qafarov özünü asaraq intihar edib. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ilkin ehtimala
görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib.
3 may. Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman
Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən bu gün
səhər polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami
Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və
axtarışlara başlanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən
məlumata görə, səhər saatlarında itkin düşmüş kimi qeydiyyata
alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti "Şəfa"
stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə
aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluğun
əməkdaşları gəlib. Meyit müayinə edilmək üçün ekspertizaya
göndərilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin
qətlə yetirilməsi də istisna edilmir.
16 may. Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz
rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1994-cü il
təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan
açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma
aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran
rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu
Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.
27 iyun. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri
dünyasını dəyişib. Hadisə Lerik rayonu ərazisində yerləşən sərhəd
zastavasında baş verib. İlkin məlumatlara görə, silahla davranış
qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu
dünyasını dəyişib. O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi
Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən
çağırılıb. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla
birlikdə araşdırma aparılır.
29 iyul. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N"
saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev
tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını
dəyişib. Qeyd edək ki, N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi
hərbi xidmətə çağırılıb.
1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən
"N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu
İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində
vəfat etdiyi bildirilir. Əsgər Elşad İsmayılov Goranboy rayonundan
hərbi xidmətə çağırılıb.
29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin
əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib.
Nofəl Məmmədov Nofəl oğlu 1994-cü il, martın 23-də doğulub, 2012-ci
ilin aprelində müddətli Goranboydan həqiqi hərbi xidmətə
çağırılıb.
13 sentyabr. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən
"N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il
təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan
açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Anar
Əsgərli özünün Facebook sosial şəbəkəsindəki səhifəsinəd hərbi
xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı
ölümündən əvvəl bir status da yazıbmış. "Bəlkə mənim də qismətimdə
bir güllə oldu" deyə o bu statusunda qeyd edib...
4 oktyabr. Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq
hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda
olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti
tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı
ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi
güman edilir.