Növbəti müsahibimi portretlər, saysız-hesabsız diplom və
fəxri adlar ilə bəzədilmiş kabinetində dinləyirəm. Söhbət zamanı
masa üzərindəki təqvim diqqətimi çəkir: "Elan edilməmiş Qarabağ
müharibəsində xüsusi xidmətləri olmuş xüsusi təyinatlı kəşfiyyatçı
"Azərbaycan Bayrağı" ordenli, ulu öndərimizin şəxsən zəng edib
təbrik etdiyi və toy gününü rəsmi xəbər kimi televiziya
kanallarında elan etdirdiyi Azərbaycanın qəhrəman oğlu İbad
Hüseynov".
İbad Hüseynovla dəfələrlə müxtəlif tədbirlərdə görüşsək də,
keçdiyi döyüş yolu, cəbhə önündə şücaətləri haqqında söhbət etməyə
heç cür imkan olmurdu. İndi isə igid döyüşçümüzlə görüşümüzdən
yararlanaraq, ona saysız-hesabsız suallarımı ünvanlamaq istəyirdim.
Əslində isə İbad müəllimi heç sual-cavab etməyə ehtiyac yox idi; o,
sanki daxili hissi hesabına bütün ona ünvanlandırılan sualları
əvvəlcədən bilirdi. Elə mənə maraqlı gələn birinci sualdan
başladım.
- Həddindən artıq hissiyyatlısınız. Bu həssaslıq sizdə
narahatçılıq yaratmır ki?
- Elə hallar olur ki, yaradır. Misal üçün, mənim haqqımda xoş
danışan, amma həqiqətdə məni sevməyən insanı dərhal hiss edirəm.
Döyüş zamanı da hisslərim məni heç zaman aldatmayıb. Dəfələrlə olub
ki, sırf daxili hissiyyatım hesabına özümü və yoldaşlarımı ölümün
pəncəsindən xilas edə bilmişəm.
- İbad bəy, mümkünsə, bununla bağlı bir hadisə
danışardınız.
- Döyüş yoldaşlarım hissiyyatımın güclü olduğunu bilirdilər.
Odur ki, çətin məqamlarda onlar mənim seçimimə güvənirdilər. Bir
dəfə kəşfiyyata getdik. Qaranlıq idi, soyuq bizi tamam yormuşdu.
Ağır addımlarla tapşırılan əraziyə doğru gedirdik; qəfil olaraq
daxilimdə bir hiss mənə dayanmağı əmr etdi. Əlimlə arxada gələn
döyüşçülərə "dayan" işarəsi verdim. Sonra diqqətlə ətrafıma nəzər
saldım. Ehtiyatla əyilərək, qaranlıqda əlimi yerə toxundurmağa
başladım. Məndən bir neçə santimetr aralı məsafədə gözlə
görünməyəcək nazik məftil hiss etdim; bu minalanmış ərazi idi. Biz
dərhal olduqca təhlükəli ərazini tərk edərək, çayın içi ilə geri
döndük. Əgər vaxtında dayanmasaydım, özümü də, yoldaşlarımı da məhv
etmiş olardım. Belə hadisələr çox olub. Elə bu gün də mənə qarşı
olan təhlükəni əvvəlcədən hiss edirəm.
- Bir qədər əvvəl sizin haqqınızda xoş danışan, əslində
isə sizi sevməyən insanlardan danışdınız. Mənim üçün maraqlıdır ki,
İbad Hüseynov kimi Vətən uğrunda sağlamlığını itirən, dəfələrlə
ağır döyüşlərdə düşmənə qalib gələn igid Azərbaycan övladını
sevməyən kim ola bilər?
- Təbii ki, məni düşmənlərimiz sevmir; Xocalı faciəsinin əsas
səbəbkarı Monte Melkonyanı məhv etdiyim üçün mənim başıma 12 milyon
pul qoymuşdular. Lakin öz içimizdə düşmənlərə xidmət edən insanlar
da az deyil, onları isə tarix ifşa edəcək.
- Melkonyanın adını çəkdiniz. Ən təhlükəli
düşmənlərimizdən biri ilə meşədə qarşılaşaraq əlbəyaxa döyüşdə
qalib gəldiyinizi və başını kəsdiyinizi hər kəs bilir. Tez- tez
xarici səfərləriniz olur, bu zaman şəxsi təhlükəsizliyiniz
qorunurmu?
- Təbii ki, təhlükəsizliyimə diqqət yetirirəm. Bu barədə tam
təfsilatı ilə danışmaq istəməzdim, amma bu yaxınlarda baş vermiş və
hamınızın marağına səbəb ola biləcək bir hadisə söyləyəcəyəm. Adını
açıqlamaq istəmədiyim döyüş yoldaşlarımdan biri uzun müddət
Rusiyada yaşamalı olur. İyirmi üç illik uzun zamandan sonra o,
Azərbaycana gəldiyində təsadüfən mənimlə qarşılaşır. Aradan uzun
vaxt keçməsinə baxmayaraq, məni tanıyır və hər zaman özü ilə
gəzdirdiyi şəkli mənə göstərir; şəkildə isə mən və yanımda
Melkonyanın kəsilmiş başı əks olunmuşdu. Polkovnik rütbəli döyüş
yoldaşım mənə qəribə əhvalat danışdı; o, yaxın zamanlarda Rusiyaya
hərbi sahə ilə bağlı üç aylıq kursa getdiyini söylədi. Orada vaxtı
ilə döyüş zamanı mobil rabitə ilə danışdığı erməni komandiri ilə
qarşılaşır. Uzun vaxt keçməsinə baxmayaraq, onlar bir-birini səsdən
tanıyırlar. Polkovnik erməni komandirindən Melkonyanı necə dəfn
etdikləri barədə soruşur. Erməni cavabında: "Bədənini basdırdıq,
başı yox idi. Məcbur olduq, ona qondarma baş düzəldək", - dedi. Bu
məqamda, polkovnik mənim özü ilə gəzdirdiyi şəklimi çıxarıb erməni
komandirinə göstərir və Melkonyanı necə məhv etdiyimi fəxrlə
düşmənimizə danışır. Ertəsi gün erməni komandiri polkovniki yenidən
görüşə dəvət edir. Çay evlərinin birində görüşürlər və erməni
döyüşçü yoldaşıma ilk sualını ünvanlandırır: "Varlanmaq
istəyirsən?" Polkovnik cavabında: "Əlbəttə, kim varlanmaq istəməz
ki?" - deyir. Erməni komandiri şərt kəsir: "Elə isə, İbadı hiylə
ilə gətir Tiflisə, əvəzində isə səni külli miqdarda pul gözləyir".
Polkovnik ayağa qalxaraq, bütün çay evində əyləşənlərin eşidəcəyi
tərzdə: "Sizdən fərqli olaraq biz qəhrəmanlarımızı, igidlərimizi
satmırıq", - deyir və məkanı dərhal tərk edir.
Bu hadisədən sonra mən bir daha əmin oldum ki, düşmənlərimizin
mənə qarşı nifrəti günü-gündən artır və onlar məndən qisas almaq
hissi ilə yaşayırlar.
- İbad bəy, hadisəni elə təmkinlə danışdınız ki, mənə
elə gəldi, ümumiyyətlə həyəcan hissi sizə yaddır.
- Məndə nə qorxu var, nə həyəcan. Heç uşaq vaxtında da
qorxmamışam heç nədən; balaca uşaq idim, gecə ilə aparardım
mal-qaranı otlaqlara. Böyük adamlar ehtiyat edərdilər, gecə vaxtı
çıxmazdılar bayıra, məndə isə qorxu hissi yox idi. Hətta
Xocavənd-Ağdam-Beyləqan uğrunda gedən döyüşlərdən birində
ermənilərlə güclü atışma nəticəsində xeyli itkimiz oldu. Biz artıq
döyüşü uduzurduq. Qəfildən beynimə belə bir fikir gəldi:
yaxınlıqdakı söyüd ağacına çıxaraq, oradan ermənilərə atəş açmaq.
Bir göz qırpımında söyüd ağacına çıxdım və oradan bizə atəş açan
ermənilərə səsləndim: "Ay dığalar, öldürə bilərsiniz məni?" Onların
hədəfi artıq mən idim; digər səngər yoldaşlarım asanlıqla
həyatlarını qurtararaq, yenidən hücuma keçdilər. Mən isə
qışqırırdım: "Ay uşaqlar, erməni nədir ki, gülləsi nə ola?
Qorxmayın, görürsünüzmü, səhərdən mənə atırlar, amma bir güllə də
dəyməyib." Həyatım üçün təhlükəli olsa belə, riskə getdim və biz
döyüşdən qalib çıxdıq.
- Haradandır sizdə bu qədər cəsarət? Bəlkə gizlətdiyiniz
bir sirr var?
- Açığı, elə bir sirr yoxdur. Amma sizinlə ilk dəfə bölüşəcəyim
bir söhbət də var.
Atam məşhur ovçu idi. Anam mənə hamilə olanda, atam bir canavar
ovlayır və onun ürəyini bişirtdirərərək anama yedizdirir ki, mən
qurd ürəkli doğulum. Sonralar anama etiraf edib ki, bu addımı mənim
igid və qorxmaz olduğum üçün atıb.
- Canavar demişkən, əyləşdiyimiz otaqda xeyli canavar
rəsmləri var. Deyəsən bu canlıya marağınız böyükdür.
- Əlbəttə. Çox mərd və qorxubilməz heyvandır. Mən özüm dəfələrlə
canavarla qarşılaşmışam; meşədə, səngər ətrafı ərazidə, öz
kəndimizdə. O, uzaqdan mənə xeyli baxdıqdan sonra, sakitcə
uzaqlaşıb. Bir dəfə xatırlayıram, növbəti tapşırıqla kəşfiyyata
getməli idik. Hava dumanlı idi. Belə hallarda kəşfiyyat daha çətin
və təhlükəli olur. Yolumuz düşmən tərəfə idi. Birdən canavar
ulartısını eşitdik. Dayandıq. Qarşımızda təqribən beş-altı metr
bizdən aralıda bir canavar dayanmışdı. Mən yoldaşlarıma
"tərpənməmək" əmri verdim. Canavar təqribən yarım saat gözlərini
bizdən ayırmadı, sonra bir anda yoxa çıxdı. Biz yolumuza davam
edərkən, dayandığımız ərazidən bir qədər aralıda təzə tüstülənən
siqaret kötükləri aşkarladıq; sən demə, ermənilər bir neçə dəqiqə
bundan əvvəl lap yaxınlığımızda olublar və canavar sanki bizi
onlardan qoruyurmuş kimi, yolumuzdan ləngidib. Mistik görünsə də,
bu hadisə bir faktdır.
- İbad bəy, deyilənə görə, döyüşə hazırlığı xüsusi
amansızlıqla həyata keçirirmişsiniz. Yəni təlim o qədər ağır
keçirdi?
- İnanın mənə, əsgərlərim mənim təlimimdən o qədər bezirdilər
ki, döyüşə getməyi seçirdilər. Çox ağır təlim keçirirdim.
Əsgərlərimə siqaret və içkini qadağan etmişdim. Bir gün isə
təsadüfən əsgərlərimdən birinin siqaret çəkdiyini gördüm. Ona görə
digər əsgər yoldaşlarını da cəzalandırdım; onlar yığılma
brezent-palatkanı aparıb 7 metr dərinliyində xəndək qazıb
basdırmalı idilər. Gecəni səhərə qədər xəndək qazdılar. Bu
hadisədən sonra onları bir də siqaret çəkən görmədim.
- Tez-tez Türkiyəyə səfər edirsiniz. Müxtəlif
vətənpərvərlik tədbirlərində iştirak etməyinizdən xəbərdaram. Yaxın
vaxtlarda hansı səfəriniz var?
- Bu yaxınlarda Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi idarə
heyətinin sədri Həsən Cəlal Güzəlin dəvəti ilə Türkiyəyə bir neçə
günlük səfər etdim. Mərkəzin açılışı ilə bağlı yenidən dəvət
gözlənilir.
- Maraqlı söhbətə görə, sizə öz dərin təşəkkürümü
bildirirəm.
- Hər zaman çıxışlarımda da vurğulamışam ki, şəhidlər bir dəfə
ölürsə, biz min kərə ölürük. Və torpaqlarımızı geri almayana qədər
də ölüb- diriləcəyik. Bu ilin sentyabrında Azərbaycan tərəfdən on
bir əsgərin şəhid olması ilə bağlı xəbəri eşidən kimi, dərhal bizə
yenidən döyüş bölgələrinə getməyimiz üçün şərait yaradılması xahişi
ilə ölkə başçısına müraciət etdim. Dörd-beş gün Füzulidən tutmuş
Gəncəyə kimi (Xocavənd və Beyləqan daxil olmaqla) getdim,
əsgərlərlə görüşdüm. Bizim raketimiz də bol ola bilər, tankımız da.
Amma döyüşmək üçün ürəkdə vətənə qarşı sevgi olmalıdır! Mən hər
zaman döyüş bölgəsində əsgərləri himnimizin sədaları altında
yuxudan oyadardım. Bu onlarda böyük ruh yüksəkliyi və
vətənpərvərlik hissinin artmasına gətirərdi.