Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
"Ümumi və baş planların monitorinqinin predmeti və həyata
keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən, "Ümumi və baş planların monitorinqinin
predmeti və həyata keçirilməsi Qaydası" təsdiq edilib.
Ümumi və baş planların monitorinqinin predmeti və həyata
keçirilməsi qaydasına əsasən, ümumi və baş planların həyata
keçirilməsi monitorinqini respublika səviyyəsində Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan
sonra - Komitə), Naxçıvan Muxtar Respub-likası səviyyəsində
Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi
keçirir.
Ümumi və baş planların monitorinqinin həyata keçirilməsinin
predmeti və məqsədi Azərbaycan Respublikasının ərazisində istehsal
qüvvələrinin inkişafının kompleks proqnozu və yerləşdirilməsindən,
ətraf mühitin ekoloji vəziyyəti və bütövlükdə respublikada
şəhərsalmanın inkişafının təmin olunması baxımından yaşayış
məskənlərinin mövcud qarşılıqlı əlaqələri nəzərə alınmaqla,
ümumrespublika və regionlararası mühəndis-nəqliyyat
infrastrukturlarının, təhlükəsiz və sağlam yaşayış mühitinin
formalaşdırılmasından, yaşayış məskənləri sistemlərinin dayanıqlı
inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasının,
respublika ərazisində məskunlaşmanın təkmilləşdirilməsinin əsas
istiqamətlərinin müəyyən edilməsindən, şəhərlərin (qəsəbələrin)
ərazi inkişafının istiqamətləri və sərhədlərinin və ərazilərin
funksional təyinatı və tikinti zonalaşdırılmasından, ümumşəhər
(ümumqəsəbə) əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat
xidməti, mühəndis təminatı və abadlaşdırma, ərazinin təhlükəli
ekzogen və texnogen proseslərdən mühafizəsindən, tarixi landşaftın
və mədəni irs obyektlərinin qorunması istiqamətlərində həyata
keçirilmiş tədbirlərin icra vəziyyətinin araşdırılmasından və qeyd
olunan sahə üzrə hazırlanmış normativ hüquqi aktların tələblərinə
necə əməl olunmasının müəyyənləşdirilməsindən ibarətdir.
Ümumi və baş planların həyata keçirilməsi ilə bağlı tədbirlər
planı təsdiq edildikdən sonra Komitənin əməkdaşlarından və layihə
müəlliflərindən ibarət komissiya ümumi planların həyata
keçirilməsinin monitorinqini ən azı 10 (on) ildən bir, baş
planların həyata keçirilməsinin monitorinqini isə 5 (beş) ildən bir
aparır.
Monitorinq zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:
Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində
tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin
yaradılması və inkişafı;
insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət
mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin
olunması;
Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərinin səciyyəvi
xüsusiyyətlərinin (tarixi, mədəni, ekoloji və s.) qorunub
saxlanılması;
Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqə-lərində
müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur
obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin
edilməsi;
Azərbaycan Respublikasının ərazi hissələrində uzunmüddətli
rəqabətədavamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi
infra-strukturun, iş və təhsil yerlərinin yaradılması;
tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi;
ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və
ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə
olunması;
mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti
ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə
ilə bağlı tələblərin təmin olunması;
ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin),
xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də
əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların
təmin olunması;
kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və
tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı
qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunması;
insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları
həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən
insanların hərəkət çevikliyi ilə bağlı tələblərin təmin
olunması;
təbiət hadisələrindən mühafizə ilə bağlı tələblərin təmin
olunması;
müdafiə və mülki müdafiə ilə bağlı tələblərin təmin olunması.
Ümumi və baş planların monitorinqi nəticəsində komissiya tərəfindən
tərtib olunmuş arayış müvafiq tədbirlərin görülməsi üçün Komitəyə
təqdim edilir.
Təqdim edilmiş arayışa əsasən ümumi və baş planlarda və yaxud
onların icrası ilə bağlı tədbirlər planında hər hansı bir
dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Komitə tərəfindən
yeni təkliflər hazırlanaraq ictimaiyyətin etiraz və təklifləri
nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
Komitə tərəfindən təqdim olunmuş təkliflər Azərbaycan
Respublikasının Nazirlər Kabinetində razılaşdırıldıqdan sonra ümumi
və baş planlarda və onların icrası ilə bağlı tədbirlər planında
müvafiq dəyişikliklər aparılır və təsdiq edilir (Azvision.az).