Almaniyanın "Der Spiegel" jurnalı 75 il əvvəl, sovet-fin
müharibəsində 500-dən çox Qırmızı Ordu əsgərini öldürən snayperin
hekayətini yazıb.
Virtualaz.org saytı bu insan ovçusundan bəhs edən məqalənin
tərcüməsini təqdim edir:
Bir atəş - bir ölü əsgər... Fin Simo Hyayuhya (Simo Häyhä)
tarixin ən yaxşı snayperlərindən biri hesab olunur. 75 il əvvəl
başlayan sovet-fin müharibəsinin gedişində o, 500-dən çox Qırmızı
Ordu əsgərini güllələyib.
Simo Hyayuhya işə hələ günəşin ilk şüalarının görünməsindən çox
əvvəl hazırlaşırdı. Fin atıcı patronları bir-bir yoxlayır, bundan
sonra səliqə ilə tüfəngin sandıqçasına yerləşdirirdi.
Sandıqça dolanda Simo hər şeyi bir daha yoxlayırdı. Axı cəmi bir
səhv onun sonunu gətirə bilərdi. Lakin hər şey planlaşdırıldığı
kimi gedirdi. O, başqalarına ölüm gətirirdi.
Finlərin fiksincə, Simo qəhrəmandır. 1939-cu il, avqustun 24-də
Hitlerlə Stalin arasında qarşılıqlı hücum etməmə haqqında müqavilə
bağlananda və Almaniya ilə SSRİ müttəfiq olanda Finlandiya SSRİ-nin
maraq sferasına daxil idi. 1939-cu il, noyabrın 30-da Qırmızı Ordu
Finlandiyaya hücuma keçdi. Qış müharibəsi qısamüddətli və qanlı
oldu.
Qoşunların sayına görə ümidsiz şəkildə geridə olan Finlandiya
sovet əsgərlərinin hücumunu dayandırmaq üçün Simo kimi əsgərlərə
ümid edə bilərdi. Simo onlar üçün ağ ölüm idi. Demək olar ki, 100
gün ərzində - müharibənin gedişində o, heç bir snayperin öldürə
bilmədiyi qədər əsgər öldürmüşdü.
Simo tək işləyirdi. O, gecələr sakitcə Finlandiyanın qarla
örtülü əraziləri ilə hərəkət edirdi. Onun ağ qış gödəkcəsi, qalın
əlcəkləri var idi. Özü ilə ancaq snayper tüfəngi, patronlar və bir
qədər ərzaq daşıyardı.
1939-cu ilin sonlarında havanın hərarəti mənfi 40 dərəcəyə
enmişdi, yerdə bir metr qalınlığında qar var idi. Simo Kareliyada,
Kollasyoki çayının sahilində dan yeri ağarmamış özünə mövqe
seçdi.
Silah öldürür, qorxu iflic edir
Snayper üçün iki məsələ mühümdür - yaxşı maskalanıb gizlənmək və
atəş açmaq üçün sərbəst məkan. Və yalnız düşmənin nə vaxt
görünəcəyini gözləmək lazımdır.
Kollasyoki çayının sahili boyu finlər Qırmızı Ordunun hücumunu
dayandırmalı idi, əks halda əhalisi az olan ölkənin böyük ərazisi
itiriləcəkdi. Finlandiya o vaxtlar ərazisinə görə indiki
Almaniyadan bir qədər böyük idi, ancaq əhalisi cəmi 3,5 milyon
nəfər idi.
Simo Hyayuhya gözləyirdi. Snayperin silahı yeganə hədəfə ölümcül
atəş açmaq və obyekti gözəgörünməz atıcı qarşısında qorxuya
salmaqdır. Həmin gün Simo ilk sovet əsgərini vurdu. O, bir dəfə
atəş açdı. 105 gün davam edən müharibə ərzində isə 505 əsgər
öldürdü. Simo elə indi də bütün dövrlərin ən mahir atıcısı kimi
tanınır.
Təəccüblü deyil ki, tezliklə sovet əsgərləri arasında qorxu
yarandı. Heç kim bilmirdi ki, növbəti güllə kimə dəyəcək. Döyüş
meydanında savaşmaqdan fərqli olaraq əsgərlər onları hədəfə alanın
kim olduğunu görmürdülər.
Snayperlər qəfil və dəqiq atırdılar, onların atəşi həmişə
ölümcül olurdu. Tezliklə sovet əsgərləri bu gözəgörünməz snayper
üçün ad fikirləşdilər - "ağ ölüm".
Simo ağ geyimdə ideal maskalanır və praktiki olaraq görünmürdü.
Sovet ordusunun sıralarından hər gün bir neçə əsgəri o dünyaya yola
salırdı.
Vəhşi heyvan və insan ovçusu
Simo Hyayuhya 1905-ci il, dekabrın 17-də kəndli ailəsində anadan
olub. Müharibəyə qədər o, əkin-səpinlə məşğul idi. Lakin müharibə
başlayanda cəbhəyə getməyi təsadüfi deyildi. Hyayuhya mahir ovçu,
həmçinin fin milli qvardiyasının üzvü idi və müharibəyə qədər
snayper atıcılığı üzrə bir sıra mükafatlar qazanmışdı. Və indi onun
rəisləri hər dəfə vəziyyət təhlükəli və mürəkkəb olanda Hyayuhyanı
çağırırdılar.
Sovet snayperi müharibənin əvvəllərində birdən-birə yüksək
rütbəli üç fin zabitini vuranda Hyayuhyanın komandiri əmr etdi: "Bu
adamı məhv et".
Hyayuhya "mümkün olanı edəcəyəm" dedi.
Həmin gün o, fin cəbhəsindən aralıda özünə mövqe seçib gizləndi.
Düşmən snayperini izləməyə başladı, o da Hyayuhyanı izləyirdi.
Hyayuhya saatlarla səbrlə gözlədi, axşam düşürdü, hava yavaş-yavaş
qaralırdı, gün batmaq üzrə idi.
Və birdən Hyayuhya uzaqda günəş şüasında nəyinsə parıldadığını
gördü. Bu, düşmən snayperinin optik nişangahı idi. Hyayuhya nişan
aldı və düz onun sifətindən vurdu. Sovet əsgəri yerindəcə öldü,
çünki səhvə yol vermişdi və Hyayuhya bu səhvdən dərhal istifadə
etdi.
Hyayuhya heç vaxt optik nişangahdan istifadə etmirdi, o, həmişə
açıq nişangahdan atəş açırdı.
Onun uğur qazanmasında daha iki fəndin rolu var idi. Hyayuhya
həmişə yerləşdiyi mövqedə qarı tapdalayırdı ki, atəş açandan sonra
qar tozanağı yaranmasın. Həmçinin o, şaxtalı havada nəfəs alanda
ağzından buxar çıxmaması üçün ağzına qar doldururdu. Ona görə də
düşmən Hyayuhyanın harada gizləndiyini ancaq ehtimal edə
bilərdi.
Getdikcə daha çox sovet əsgəri
onun qurbanlarına çevrilirdi. Bir dəfə gün ərzində o, 25 sovet
əsgərini güllələdi. Qırmızı Ordunun zabitləri fin atıcıya qarşı
snayperlərin sayını artırırdı. Və hər dəfə Hyayuhya atanda onun
mövqeyini bütün mümkün silahlardan - pulemyotlardan,
artilleriyadan, minomyotlardan atəşə tuturdular.
Ancaq hədər yerə. Simo hər dəfə ölümdən kiçik yara belə almadan
qaça bilirdi.
"Bir dəfə onlar mənim gizləndiyim mövqeyə 50-dən çox qumbara
atdılar, ancaq heç biri hədəfə dəymədi" - Hyayuhya sonradan
xatırlayırdı.
Nəhayət, son - Simo çənəsindən yaralanır
105 günlük sovet-fin müharibəsinin 98 günü ərzində Hyayuhyanın
bəxti ağlasığmaz dərəcədə gətirmişdi. Ancaq 1940-cı il, martın 6-da
onun da sonu çatdı. Meşədə gedən amansız döyüşdə o, başından
yaraland
"Mən ancaq küt səs eşidə bildim, dərhal başa düşdüm ki, məni
vurdular" - o, yazırdı.
Hyayuhya çənəsindən yaralanmışdı və dişləri tökülmüşdü. O,
komaya düşdü və ancaq martın 13-də özünə gəldi. Həmin gün SSRİ ilə
Finlandiya artıq sülh müqaviləsi imzalayırdı.
Nisbətən kiçik Finlandiya nəhəng SSRİ-yə qarşı dayanmışdı -
ancaq ərazisinin 7 faizini itirməli oldu. Sonradan finlər Hitler
Almaniyasının köməyi ilə daha da qanlı yeni müharibədə həmin
əraziləri qaytarmağa çalışdılar. Yeni və qanlı müharibədə
Finlandiya II dünya müharibəsinin ən qanlı cəbhələrindən birinə
çevrilmişdi.
Qurbanların sayına dair rəqəmlər fərqlidir. Finlandiya hələ qış
müharibəsində 26 min əsgər itirmişdi. İki müharibənin yekununda isə
itkiləri 84 mindən çox olmuşdu. Qırmızı Ordunun itkiləri isə xeyli
çox idi. İki müharibə ərzində sovet-fin cəbhəsində 320 min sovet
əsgəri həlak olmuşdu. Bəzi məlumatlara görə, bu rəqəm 450 min nəfər
təşkil edirdi. Stalin statistik məlumatları azaldırdı.
Rəsm məlumatlara görə, Hyayuhya 505 sovet əsgərini güllələyib.
Daha 37 hərbçinin öldürüldüyünü isə rəsmən təsdiqləmək mümkün
olmayıb.
"Mənə nə əmr edirdilərsə, onu edirdim, çalışırdım ki, bacardığım
qədər yaxşı atım" - Hyayuhya sonralar deyirdi.
O, 2002-ci ildə ölüb.