Böyük Britaniya parlamenti İcmalar Palatasının məşhur
Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam
yeməyi keçirilib.
Axar.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz
Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın
Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin
üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan
diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri
iştirak ediblər.
Lord German İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq
ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu
bildirib.
Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz
Paşayevaya qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə
minnətdarlığını bildirib.
Cəmiyyətin həmsədri olmaqdan şərəf hissi duyduğunu ifadə edən
Lord German həm qurumun bundan sonrakı fəaliyyətində, həm də
ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf
etməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Bildirilib
ki, cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin
inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara
nail olduğunu görmək həqiqətən qürurvericidir.
Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German qurumun
Britaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı
daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
Əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini diqqətə
çatdıran həmsədr təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyətə
malik olduğunu vurğulayıb.
Çıxışının sonunda Lord German cəmiyyətin fəaliyyətinə dəstək
verən hər kəsə minnətdarlığını bildirib.
Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni il münasibətilə
qonaqları təbrik edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin hər iki
ölkə üçün əhəmiyyətini diqqətə çatdıran Nərgiz Paşayeva təşkilatın
yeni ildə yeni uğurlar əldə edəcəyinə əminliyini bildirib. Lord
German ilə birgə çalışmaqdan şad olduğunu deyən Nərgiz Paşayeva
onun cəmiyyət üçün fəaliyyətini yüksək qiymətləndirib.
Professor Nərgiz Paşayeva çıxışının sonunda Britaniya və
Azərbaycan xalqlarına yeni nailiyyətlər arzu edib.
Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin
ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına
töhfələrini yüksək qiymətləndirib.
Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu
bildirən səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə
əminliyini söyləyib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova
və britaniyalı arfa ustası Sali Prays Azərbaycan və dünya
klassiklərinin əsərlərindən parçalar ifa ediblər.