Bir müddət öncə Şəki Apellyasiya Məhkəməsinin hakimi
Hümbət Səlimovun məhkəmə tarixində analoqu olmayan qətnaməyə imza
ataraq Mustafayev Əhliman İldırım oğlunun qəbrinin keçmiş həyat
yoldaşı Aygün Mustafayevanın mülkiyyəti hesab etməsi və qəbirin
Ağdaşdan çıxarılaraq Bərdəyə köçürülməsi haqqında qətnamədən
verilən şikayətə Ali Məhkəmədə baxılıb.
Axar.az xəbər verir ki, ötən gün Ali Məhkəmədə hakim Əhməd
Nurmmədovun sədrliyi ilə mərhum Əhliman Mustafayevin bacıları
Malikə və Sevda Mustafayevlərin kassasiya şikayətinə baxılıb.
Şikayətçilərin nümayəndəsi hüquqşünas Səməd Vəkilovun sözlərinə
görə, Şəki Apelyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun heç bir
qanuna sığmayan qətnaməsi dünən Ali Məhkəmənin hakimi Əhməd
Nurməmmədov tərəfindən ləğv edilib:
"Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov Hümbət Səlimovun
qanunsuz qərarını ləğv etməklə həm də yarana biləcək pis bir
tendensiyanın qarşısını aldı. Şübhəsiz ki, H.Səlimovun bu qərarı
qəbul edərkən subyektiv maraqlaradan çıxış etməsi heç kimdə şübhə
doğurmur. Biz bu məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət
edərək hakim barəsində intizam icraatı başlanmasını xahiş
edəcəyik".
Xatırladaq ki, Mustafayev Əhliman İldırım oğlu 2013-cü il
oktyabrın 31-də avtomobil qəzasında vəfat edib. Onun meyitini
müayinə olunmaq üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Hadisədən xəbər tutan kimi keçmiş həyat yoldaşı xəstəxanaya gələrək
meyiti Bərdədə dəfn etmək üçün oraya aparacağını deyib. Mərhumun
bacıları isə buna razı olmayıb. Meyit Ağdaş rayon Şıxlı kənd
qəbiristanlığında dəfn edilib.
Həmin vaxtdan mərhumun keçmiş həyat yoldaşı Aygün Mustafayeva
meyiti qəbirdən çıxararaq Bərdəyə aparmağa cəhd edib.
Ağdaşda "yox", Şəkidə "hə" dedilər
Niyyətini həyata keçirmək üçün Aygün Mustafayeva Ağdaş Rayon
Məhkəməsinə müraciət edib. Əsas kimi isə ərinin şifahi vəsiyyətini
göstərib. Onun sözlərinə görə, mərhum Əhliman Mustafayev öldükdən
sonra anasının yanında dəfn olunmasını vəsiyyət edibmiş. Lakin bunu
məhkəmədə sübut edəcək sənədi təqdim edə bilmədiyindən məhkəmə
qadının iddiasını təmin etməyib.
A.Mustafayeva daha sonra Şəki Apellyasiya Məhkəməsinə müraciət
edib. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov
qətnamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edərək,
qanunsuz və ağlagəlməz bir qətnamə qəbul edib: kişinin meyitini
qadının şəxsi mülkiyyəti kimi qələmə verərək, onun iddiasını təmin
edib.