Ana səhifə Toplum |
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Axar.az-a verilən məlumata görə, Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, azərbaycanlılar, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev 101 il əvvəl tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurduğunu və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü deyib.
O, həmçinin bu il Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin də qeyd olunduğunu bildirərək, 1919-cu ildə Paris Sülh Konfransında iştirak edən ADR nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilson ilə görüşdüyünü diqqətə çatdırıb.
Baş konsul bu gün Azərbaycan-ABŞ əlaqələrinin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Los-Anceles Vilayətinin Protokol xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) tədbirdə iştirakdan məmnunluq duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib və Los-Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış təbrik bəyannaməsini baş konsul N.Ağayevə təqdim edib. Eyni zamanda, Los-Anceles şəhərinin meri Erik Qarsettinin də imzaladığı təbriknamə təqdim olunub.
Bundan başqa, qeyd olunub ki, Baş Konsulluğun səyləri nəticəsində Kaliforniyanın San-Dieqo və Örvayn şəhərləri, eləcə də Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan olunub.
Tədbir məşhur “America’s Got Talent” şousunun azərbaycanlı finalçısı tanınmış akrobat Üzeyir Novruzovun ifası və rəqs ustaları Ramin Eldarov və Ləman Musayevanın ifalarında Azərbaycan rəqsləri ilə davam edib. İfalar iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları ilə tanış olublar.
Tarix
2019.05.27 / 10:29
|
Müəllif
Axar.az
|