Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik
Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin
yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Müdafiə naziri və Tibb Baş İdarəsinin rəhbərliyi
toplantıdan əvvəl xalqımızın Ümummilli lideri Heydər Əliyevin
hospitalın həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül
dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.
Sonra toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş
İdarəsinin rəisi general-mayor Natiq Əliyev son bir il ərzində
qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət
şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb
müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və
müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların
ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi
təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və
ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini
qeyd edərək Müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə
görüş iştirakçıları adından minnətdarlığını bildirib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış
edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi
məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə
rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin diqqət mərkəzində olduğunu xüsusilə vurğulayıb.
2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan
Müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı
Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək
torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə
yetirilməsindən ibarət olduğunu qeyd edib. Məhz bu sahədə tibb
xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını,
hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi
bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini
diqqətə çatdırıb.
Görüşün sonunda Müdafiə naziri tibb zabitlərinin hərbi təbabətin
aktual sahələri ilə bağlı suallarını ətraflı cavablandırıb və bir
sıra məsələlərə aydınlıq gətirib.
Sonra Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin
əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən
Müdafiə naziri görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını
verib.