Ana səhifə Toplum |
Gecə saatlarında avtobusların rayonlardan Bakıya və ya əks istiqamətdə hərəkəti bərpa edilərsə, avtobusların iki sürücüsü olmalıdır.
Bu sözləri Axar.az-a Bakı Beynəlxalq Avtovağzalında (BBAK) gecə reyslərinin bərpa edilməsi barədə aparılan müzakirələrə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, gecə reyslərinin bərpa edilməsi zərurətdən doğan məsələdir:
“Sərnişinlərin, beynəlxalq sərnişindaşıma şirkətlərinin tələblərini və digər bu kimi amilləri nəzərə alsaq, gecə reyslərinin bərpası mümkündür. Bu reyslərdə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atılır. Bunlardan biri peşəkar və normal iş, istirahət rejimi olan sürücülərin gecə fəaliyyət göstərməsinə icazə verilməsidir. Bununla yanaşı gecə reyslərində növbəli iş rejimi olmalıdır, yəni avtobusun idarə edilməsi üçün iki nəfərdən ibarət, belə deyək, “sürücü heyəti” olmalıdır. Düşünürəm ki, bu gün kifayət qədər peşəkar avtobus sürücülərimiz var və hər il Dövlət Avtomobil Nəqliyyatı Xidməti onların qeydiyyatını aparır. Gecə reyslərində bu cür sürücülərin xidmətindən istifadə etmək mümkündür”.
Ekspert onu da bildirib ki, gecə reyslərinin bərpası qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin sayının azalmasına səbəb olacaq:
“Əslində gecə reysləri təhlükəsizlik baxımından daha əlverişlidir. Çünki bir neçə il əvvəl bu reyslər ləğv edildiyi üçün qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan sürücülərin sayı artıb. Bu cür fəaliyyət göstərən sürücülər özlərinin tətbiq etdikləri baha qiymətlə yanaşı, fasiləsiz çalışdıqları üçün sərnişinlərin həyatını təhlükəyə atır. Bir müddət əvvəl qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan avtomobil sürücüsünün 8 nəfərin ölümünə səbəb olmasının şahidi olduq. Belə sürücülər səhərə yaxın paytaxta rayonlardan sərnişin gətirir, 1 saat sonra isə yenidən əks istiqamətə sərnişin aparır. Bütün bunlar qəzaların artmasına səbəb olur. Hesab edirəm ki, gecə reysləri bərpa olarsa, sərnişinlər baha qiymətə şəxsi avtomobilləri ilə xidmət göstərən qeyri-qanuni sərnişindaşımadan imtina edə bilər. Buna görə də gecə reyslərinin bərpa edilməsi faydalı olar. Amma əlbəttə ki. təklif etdiyimiz şərtlərlə”.
Qeyd edək ki, bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova saytımıza açıqlamasında gecə reyslərinin bərpa edilə biləcəyini söyləyib.
Tarix
2019.07.26 / 08:45
|
Müəllif
Nərmin Əkbərli
|