Yol-nəqliyyat eksperti, hüquqşünas Vamiq Şükürov Bakı-Sumqayıt magistralında hər gün yaşanan tıxac problem ilə bağlı maraqlı təklif irəli sürüb.
Axar.az xəbər verir ki, V.Şükürov Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı Yaşayış Kompleksi məhəlləsini birləşdirən yoldan istifadəni təklif edib.
Hüquqşünas təklifi ilə bağlı xəritə də təqdim edib:
“Masazır son illər yeni yaşayış məskənlərinin salınması ilə çox böyüyüb. Kənddə on minlərlə əhalinin yaşadığı Qurtuluş-93, Yeni Bakı Yaşayış Kompleksi və digər yeni yaşayış kompleksləri tikilib. Bu səbəbdən Masazır kəndi ilə Bakı-Sumqayıt magistralını birləşdirən yolda ciddi tıxaclar yaranır. Bu yolun həm də Novxanı və Sarayın bir hissəsi ilə Bakı-Sumqayıt magistralını birləşdirdiyini nəzərə alsaq, tıxacların böyüməsi başa düşüləndir. Ona görə də alternativ yollardan istifadə etmək zərurəti yaranır. Bu yollardan biri Bakı Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı Yaşayış Kompleksi məhəlləsini birləşdirən yoldur.
Paylaşdığım “Quql xəritə”də də aydın görünən yol Bakı-Sumqayıt magistralı ilə Masazır kəndini birləşdirən yoldakı tıxacı xeyli yüngülləşdirə bilər”.
Ekspert bildirib ki, lakin həmin qısa yol bərbad vəziyyətdə olduğu üçün sürücülər ondan istifadə etmək istəmir:
“Səlahiyyətli dövlət orqanlarından xahiş edirəm ki, bu yolun təmir olunması üçün tədbir görsünlər. Yol təmir edilsə, həmin yoldan da istifadə edənlərin sayı artar və qismən də olsa, Bakı-Sumqayıt magistralındakı sıxlıq aradan qalxar”.