Şəmkirin sabiq icra başçısı
Aslan Aslanovun oğlunu öldürən qadın barəsində sensasion məlumat
yayılıb.
Axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki,
keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyeva
həbsxanada övlad dünyaya gətirib.
Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı
yaşayan L.Quliyevanın oğlunun olduğu bildirilir. Aslanovun oğlunu
nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə
uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir
ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında
saxlanılır.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Axar.az-a
açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqlədi.
E.Behbudov bildirdi ki, bu yaxınlarda bir qrup məhkumun valideyni
ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri
L.Quliyevanın övlad dünyaya gətirdiyini bildirib.
"Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə
Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola
bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun
valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə
müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya
möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar
Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı", - deyə komitə sədri
vurğuladı.
Onun sözlərinə görə, L.Quliyevanın olduğu həbsxanada yalnız rəis
və nəzrətçilər kişidir:
"Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq
olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustan qapalı
həbsxanasındadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər
halda, araşdırma aparılmalıdır".
Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü
ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı
qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə
Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
A.Aslanov Kənd Təsərrüfatı nazirinin müavini işləyib, keçmiş
nazir Səfər Əbiyevin isə kirvəsidir.