Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşaq və
onun ehtimal olunan atası bu günlərdə çox danışılır. Hər şey Elçin
Behbudovun məhkumun həbsxanada zorlandığı şübhəsi və bununla bağlı
prokurorluğa müraciət etməsi iddiasından başladı.
Bu iddianı bir neçə KİV yayımladı, bu işdə L.Quliyeva tərəfindən
iştirakçılıq halında öldürülən gəncin atası, keçmiş icra başçısı
A.Aslanovun əli olduğu ehtimalı irəli sürüldü. Daha sonra
Ombudsmanın MPM qrupundan və Ədliyyə Nazirliyindən bunu təkzib edən
rəsmi açıqlamalar gəldi; bildirildi ki, hər bir məhkum tənhalıqda
uzun müddətli görüşlər keçirmə hüququna sahibdir, zorlama faktı
olmayıb, Lamiyə Quliyeva hamilə qaldığı gündən bu yana lazımi tibbi
qayğı ilə əhatə olunub. Əgər zorlama cinayəti olsaydı, o buna dair
şikayət edə bilərdi. Lakin etməyib, öz mülahizəsinə görə uşağın
atasının kim olduğunu gizlədir. L.Quliyevanın da özəl həyatı var,
o, bu gizliliyi qorumaqda tam sərbəstdir.
Həqiqətən də L.Quliyevanın zorlanmadığına dair məntiqi əsaslar
tapmaq mümkündür. Ən azı, uşağını qəsdən dünyaya gətirdiyini
söyləmək olar.
Məhkumların törətdikləri cinayətin və çəkdikləri cəzanın
rejiminə uyğun olaraq (ümumi rejimli cəzaçəkmə müəssisəndə, ağır
cinayət törətmiş şəxslərə ildə 3 dəfə uzun müddətli görüş verilir)
qısa və uzun müddətli görüşləri olur. Qanunla qısa müddətli
görüşlər 4 saatadək nəzarət altında, uzun müddətli görüşlər isə 1
gündən 3 günədək ola bilər. Qeyd olunmalıdır ki, uzun müddətli
görüşlərə ancaq ailə üzvləri buraxılır, onlar da L.Quliyevanın
uşağının ehtimal olunan atası qismində çıxış edə bilməz. Lakin qeyd
olunmalıdır ki, aşırı nəzakətli formada xahiş olunsa, məhkuma
nəzarətsiz bir otaqda (1-2 saatlıq) qısa müddətli görüş də
verildiyi bir faktdır.
Demək ki, L.Quiyevanın istədiyi bir şəxslə könüllü sürətdə
görüşməsi və bunun nəticəsində dünyaya uşaq gətirməsi mümkündür.
"Amma"lar olmasa...
Bu ammaların başında L.Quliyevanın azadlıqda yaxından
münasibətdə olduğu bir insanın qalmamasıdır: daha əvvəl görüşdüyü
şəxsi qətlə yetirmiş, sabiq nişanlısı isə özü kimi azadlıqdan
məhrum edilmişdir. Düzdür, ehtimal vermək olar ki, zorakı cinayət
törətmiş L.Quliyeva bunun üçün xüsusi bir şəxs tapıb; digər ehtimal
daha əvvəl sadəcə dostluq münasibətində olan birisi ilə bu işi
tutmasıdır… Lakin bu ehtimallar qüvvətli deyildir; azadlıqda olan
bir oğlanın məhkumluq həyatı yaşayan keçmiş bir dostunun bu
təklifini qəbul etmə ehtimalı, nəzəri olaraq mümkün olsa da,
olduqca aşağıdır.
İkinci bir "amma" bununla bağlı ailəsinin susmasıdır.
Üçüncü "amma" isə belə halın cəza icra sistemi təcrübəsində çox
nadir hallarda yaşanmasıdır. Qadın məhkumun cəza müddətində dünyaya
uşaq gətirməsi qayda deyil, istisnadır. Penitensiar xidmət üçün bu,
ümumiyyətlə arzu olunan hal deyildir. Çünki cəzaçəkmə müəssisələri
uşaqların saxlanması üçün uyğun yer sayılmır, üstəlik, əlavə
söz-söhbət və yükdür. Bu, kamerada saxlanlan digər məhkumlara mənfi
təsir edə biləcəyi kimi (uşağın gecə ağlaması, onun bezlərinin qoxu
verməsi), uşağın böyüməsinə, öyrənməsinə, təmiz havada vaxt
keçirməsinə v s. şəkillərdə mənfi təsir göstərəcəkdir. Uşağın 5-6
yaşda anadan alınıb internata, ya da nənəsinə verilməsi də
(hadisədə uşağın nə qanuni, nə də də biolojik atası yoxdur) yeni
problemlərin çıxmasına səbəb olacaqdır.
Dördüncü "amma" diqqət çəkir: 2003-cü ildən ağır cinayətə görə
məhkum olunan L.Quliyevanın 2010-cu ildə vaxtından əvvəl şərti
olaraq azadlığa buraxılması mümkün idi. Bu, standart bir
prosedurdur. Lakin o, vaxtından əvvəl buraxılmadığı kimi (məhkum
içəridə özünü pis aparsa, onda buraxılmaya bilər, amma buna dair
onun intizam qaydalarını pozduğuna dair heç bir açıqlama
verilməyib), 2013-cü ildə - azad olunmasına az bir müddət qala,
L.Quliyeva bir daha məhkum olunub və 6 ilə yaxın yenidən cəza
almışdır. Bu da ağıla bir sual gətirir: ona qarşı qərəzli bir
mövqemi var? Yoxsa doğrudan da islaholunmaz məhkumdur?
Və nəhayət, işin ən vacib "amması" da məhkumların qorumasız,
ictimaiyyət və ailənin nəzarətindən uzaq, təzyiqlərə olduqca həssas
bir durumda olmalarıdır. Məhkumlar mələk olmasa da, cinayət
törətmiş şəxslər olsa da, onlar dövlət tərəfindən ədalətsizlik
görməməlidir, bu səbəblə bütün dövlətlərdə cəza rejimi sərt olsa
da, məhkumların vəziyyəti ictimaiyyətin marağındadır. Onlara sərt
də olsa, insani şəkildə davranılırmı? Məhkumlar işgəncə görürmü?
Müvafiq tibbi qulluq alırmı? Oxumaq və ibadət etmək imkanları
varmı? Sağlam qalmaq üçün müvafiq şəraitləri necə? Müvafiq milli
qanunvericilik, Avropa və BMT standartları da bunu ciddi surətdə
tənzimləyir.
Bu səbəblərə görə, L.Quliyevanın şəxsi həyatının gizliliyi olsa
da, cəza icra sistemimizi paklamaqda, ağa çıxarmaqda, yaranan bu
şübhələri aradan qaldırmaqda dövlət marağı vardır. Prokurorluq
orqanları şikayət olmadan istintaqa başlaya biləcəyi kimi
(zərərçəkmiş şəxs asılılıq vəziyyətində olduqda, ictimai-xüsusi
ittiham qaydasında başladılan cinayət işlərində şikayət olmasa da
prokuror cinayət işini başlada bilər), Penitensiar xidmət də uşağın
doğum tarixini bildiklərinə görə kimlərin 9 ay əvvəl görüşə
gəldiyini açıqlaya bilər, çünki bunların dəqiq qeydiyyatı aparılır
- kimin hansı saatda gəldiyi, nə qədər görüşdüyü xüsusi dəftərdə
qeyd olunur.
Görünən budur ki, şəxsi həyatın gizliliyi hüququ ilə ictimai
maraq arasında balansı təmin etmək üçün L.Quliyevanın müvafiq
tarixlərdə kimlərlə görüş keçirdiyi ictimaiyyətə açıqlanmalıdır.
Yoxsa bu məsələ daha çox danışılacaq, insanlar və qurumlar şübhə
altında qalacaqlar.