Qazax rayonunun Şıxlı kənd sakinləri Şıxlı su kanalında
yaranmış nasazlıq ucbatından əziyyət çəkir.
Axar.az xəbər verir ki, bu barədə məlumat Qazaxın Birinci Şıxlı
kənd sakinlərinin elektron ünvanımıza göndərdiyi ərizədə qeyd
edilib.
Sakinlərin dediyinə görə, başlanğıcını Gürcüstandan Xram
çayından götürən Şıxlı su kanalının Sınıq Körpüyə qədər olan
hissəsi tam betonlaşdırılıb. 18 km uzunluğundakı ərazisi hələ də
betonlaşdırılmayan kanalın məhz bu hissəsi kənd sakinləri üçün öz
təsərrüfat sahələrinin suvarılmasında problemlər yaradıb.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar
Cəmiyyətinin sədrinə ünvanlanan məktubda kənd sakinləri ondan Şıxlı
su kanalının bütün ərazisinin betonlaşdırılmasını istəyiblər:
"Sınıq Körpüdən bəri bütün Şıxlı kanalı torpaq halında qalır.
Mütəxəssislərin dediyinə görə, su kanalı saniyədə 800 litr su
vurur. Həmin suyun yalnız 40-45%-i kənddəki mənzillərə gəlib çatır.
18 km uzunluğunda olan kanal həddən artıq yararsız, genişlənmiş,
dərin quyular, keçilməz qamışlıqlar halında olduğuna görə suyun
mənzilə çatmasında böyük problemlər yaranır. Yay aylarında su
çatışmır, həyətyanı sahələr, pay torpaqlarında olan məhsullar
susuzluqdan yanır. Neçə illərdir ki, yaranmış bu vəziyyət kənddə
böyük narazılığa səbəb olur. Şıxlı su kanalına verilən suyun 50%-i
itkiyə gedir. Hörmətli Əhməd müəllim, onu da bildiririk ki, yay
aylarında Xram çayından su gəlmədikdə Şıxlı su kanalına II Şıxlı, I
Şıxlı, Aslanbəyli su nasosları vasitəsilə Kür çayından su vurulur.
Kanala 1 saniyədə vurulan 250-300 litr suyun yarısı da itkiyə
gedir. Xülasə, Şıxlıda su kanalında vəziyyət olduqca
dözülməzdir".
Qeyd edək ki, Şıxlıda su kanalı əvvəlcə 1947-ci ildə, ikinci
dəfə 1961-ci ildə çəkilib. 1961-ci ildə çəkilmiş kanal torpaq
kanalıdır. Şıxlı su kanalının suyu ilə II Şıxlıda 800 hektar, I
Şıxlıda 220 hektar, Aslanbəyli kəndində 300 hektar həyətyanı və pay
torpaqları suvarılır.
Onu da xatırladaq ki, faktla əlaqədar "Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti ilə dəfələrlə əlaqə saxlasaq
da, telefonlarımıza cavab verən olmadı. Məsələ ilə əlaqədar ASC-nin
mövqeyini dərc etməyə hazırıq.