17 il Dialektologiya şöbəsində çalışdım. Ölkə
başçısınıın dilimizdə bağlı məlum sərəncamından sonra Dilçilik
İnstitutunda Monitorinq şöbəsi yaradıldı. O zaman İnstitutun
direktoru prof. Fəxrəddin Veysəlli idi. Heç kim öz istəyi ilə bu
şöbəyə keçmək istəmirdi. "Dövlət Proqramı"nın gerçəkləşməsi üçün
bütün çətinlikləri göz önünə alıb Monitorinq şöbəsində çalışmağa
qərar verdik.
Bilirdik ki, KİV-in monitorinqini aparmaq həm məsuliyyət tələb
edir, həm də jurnalistlər, teleaparıcılar, bəzi televiziya
rəsmiləri monitorinqin nəticələrindən razı qalmayacaqlar. Çünki bu
ölkədə haqlı tənqiddən nəticə çıxaranların sayı çox azdır. Ancaq
heç bir dedi-qodu məni və bu şöbədə bugünədək çalışan həmkarlarımı
qorxutmayıb. Bu gün Dilçilik İnstitutunda vicdanla çalışan
şöbələrdən biri Monitorinq şöbəsidir.
Qulu müəllimlə bir şöbədə çalışmaq zövq verir, çünki "Dövlət
Proqramı"ında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üçün
bütün enerjisini sərf edir, vicdanla çalışır. Tələbkarlığından
inciyənlər də olur, ancaq "ayrı yol yoxdur", - deyir.
Monitorinq şöbəsinin əldə etdiyi uğurlar göz qabağındadır. Bu
istiqamətdə bəzi dövlət müəssisələri ilə Dilçilik İnstitutunun
bağladığı müqavilələr, monitorinqlərin keçirilməsi, "qaynar xətt"in
yaradılması və s.
Qulu müəllim şöbənin azsaylı əməkdaşlarıyla bu məsuliyyətli və
şərəfli işin öhtəsindən yüksək səviyyədə gəlir. Bu işdə bizə
yaxından kömək edən, Monitorinq şöbəsi ilə təmənnasız əməkdaşlıq
edən mütəxəssislərin də əməyini xüsusi qeyd etmək istərdim.
Bəs necə olur ki, bu şöbəni "cəmiyyətin iradəsini əks etdirən"
bir televiziya kanalı kəskin şəkildə tənqid edir?
Əvvəla, aparıcıya kim səlahiyyət verib ki, canlı efirdən
sui-istifadə edərək Prezidentin sərəncamı əsasında yaradılmış və
vicdanla çalışan bir dövlət müəsisəsinə belə xoşagəlməz ittihamlar
səsləndirir, Monitorinq şöbəsinin işgüzar fəaliyyətinə xələl
gətirir, əməkdaşları haqqında cəmiyyətdə mənfi rəy
formalaşdırır?
Bir ildən çoxdur ki, ana dilimizin qorunması, təbliği məqsədilə
Monitorinq şöbəsinə yarım saatlıq efir vaxtı ayırmaq qəhət olub.
Deməli, bəzi televiziya kanalları dilin təbliğində, qorunmasında,
"Dövlət Proqramı"nın həyata keçirilməsində maraqlı deyil.
Siz deyin, Azərbaycanda Qulu Məhərrəmli qədər mətbuatın, radio
və televiziyanın incəliklərini, elmi əsaslarını yüksək səviyyədə
bilən, jurnalist ordusu yetişdirən neçə mütəxəssis var?
Yox, əgər söhbət Monitorinq şöbəsinin əməkdaşlarından gedirsə,
faktla danışsınlar! İTV - kiminsə şəxsi mülkiyyəti deyil, ictimai
televiziyadır.
Dünən ATV kanalında prof. Nəsir Əhmədli və Dilçilik İnstitutunun
əməkdaşı T.Şükürlü "Gündəlik" verilişinin qonağı idi. Aparıcı hər
vəchlə monitorları günahlandırmağa, özünün isə peşəkar aparıcı
olduğunu isbat etməyə çalışdı. Ancaq nəticə göz qabağındaydı,
efirdə dilçilərin sözünü kəsərək tez-tez rusca ifadələr işlədir,
necə deyərlər, meydan sulayırdı. Dilçilər də hörmət əlaməti olaraq
aparıcının qüsurlarına göz yumurdu.
Monitorinq şöbəsinə tez-tez söz hücumları olur. Artıq
öyrəncəliyik. 2014-cü ilin noyabar ayında bir aparıcı
əməkdaşlarımızı hətta məhkəmə ilə hədələmişdi. Dilçilərimizi
savadsızlıqda suçlayan aparıcının haqlı olub-olmadığını
dəqiqləşdirmək üçün "diqqət" və "qəbir" sözlərinin işləndiyi
cümləni araşdırdım və dəhşətə gəldim: "Bəs onda niyə məqsədin
məzarı ziyarət olan bir səfər cinayət aktı, onu özündə cəsarət
taparaq gerçəkləşdirilən diversant qatil kimi damğalanaraq
yaraqlanmalı, üstəlik riqqətin (!) feyzyabı kimi bu şou
təkrarlanmalıdır, özü də prezidentlərin Parisdə görüşdüyü gündə".
Bu cümlə dilimizin normalarına uyğundurmu? Məqsədin məzarı ziyarət
olan bir səfər nə deməkdir? Məqsədin səfəri olmur axı? "Səfərin
məqsədi məzarı ziyarət etmək olub" desəydi, fikir daha anlaşıqlı
olardı. Üstəlik, burada "səfər" sözü yerinə düşürmü? Yaxud "onu
özündə cəsarət taparaq gerçəkləşdirilən diversant qatil kimi
damğalanaraq yaraqlanmalı" nə deməkdir? "Onu" tamamlığından sonra
"yaraqlanmalı" feili necə gələ bilər axı?
Aparıcı iddia edir ki, bu cümlədə mən "diqqət" deyil, "riqqət"
sözü işlətmişəm. Təsəvvür edək ki, müəllif riqqət demək istəyib,
yaxud deyib. Sual yaranır: "Riqqətin feyzyabı" nə deməkdir?
Gördüyünüz kimi, adi bir cümlədə nə qədər dil qüsurları var.
Başqa bir fakt. 2014-cü ildə MTRŞ-da mətbuat konfransında
jurnalistərdən biri xanım əməkdaşımızı hədələdi, utanmadan qadına
əl qaldırdı, əgər hörmətli Nuşirəvan müəllim müdaxilə etməsəydi,
vəziyyət daha acınacaqlı olacaqdı.
Belə tərbiyəsiz davranışların çox şahidi olmuşuq. Qulu müəllim
hər bir məsələni səbr, təmkinlə yoluna qoyur, hətta mətbuatda
onlara cavab verməyi də monitorlara məsləhət bilmir…
Bizim işimiz monitorinq aparmaq, nəticələri elan etmək və
tövsiyyələr hazırlamaqdan ibarətdir. Qarşı tərəfin borcu isə dil
normalarına əməl etməkdir! Ancaq əvəzində nə baş verir?
Bu gün "Yeni gün" proqramında aparıcı Saleh Bağırov Monitorinq
şöbəsinin əməkdaşlarına qarşı qəfil "hücuma keçib. 2 ay öncə
Monitorinq şöbəsinin əməkdaşı Zamiq Təhməzov Saleh bəyin qonağı
olub, dərman içliklərinin dili haqqında danışıb. Saleh bəy çıxışdan
məmnun qalaraq Monitorinq şöbəsinin fəaliyyətini yüksək
qiymətləndirib, uğurlar arzulayıb.
Necə olur, Monitorinq şöbəsinin əməkdaşları birdən-birə savadsız
oldu?
Əlbəttə, Saleh bəyin "fikirləri" təəccüb doğurmur. Onu tənqid
etməyə təhrik edənlər var, yoxsa adam niyə iki aydan sonra
mövqeyini dəyişsin!
Mən də o fikirdəyəm ki, başqalarını yamsılayan nə televiziyanın,
nə də mənşəyi, məqsədi aydın olmayanların siması olur. Bunu sübut
etməyə belə ehtiyac yoxdur. Elin gözü tərəzidir, - deyiblər.
O verilişdə təəccüb doğuran Dilçilik İnstitutunun professoru
Sevil Mehdiyevanın Saleh bəyə haqq qazandırması idi. Prezidentin
sərəncamı əsasında yaradılmış Monitorinq şöbəsi çoxlarının kürkünə
birə salıb, - elə Dilçilik İnstitutunda da! Qəribə ölkədə
yaşayırıq, iş görənləri tənqid edirlər, iş görməyənlərə isə əl
çalırlar.
Yaşı 70-i çoxdan keçmiş ağbirçək adam hardan bilsin ki, Saleh
bəyin ittiham etdiyi əməkdaşlar Monitorinq şöbəsinin işçiləri
deyil. İki ildir ki, MTRŞ Dilçilik İnstitutu ilə birgə
monitorinqlər keçirir, Dilçilik İnstitutundan 2 əməkdaş həmin
monitorinqlərə cəlb olunub: 2013-cü ilin may-iyun və 2014-cü ilin
sentyabr-oktyabr ayları. Yalnız sonuncu monitorinqdə Monitorinq
şöbəsinin bir əməkdaşı iştirak edib və MTRŞ-dakı hər iki əməkdaşın
çıxışı çox yüksək səviyyədə qarşılanıb.
Sual olunur: Əgər İTV-nin həmin monitorinqin nəticələrinə
etirazı var idisə, nə üçün vaxtında etiraz etmirdi? Axı iki ildir
ki, monitorinqi MTRŞ keçirir. Əgər İnstitutun əməkdaşları hansısa
yanlışlığa yol vermişdisə, onda MTRŞ hara baxırdı?
Yeri gəlmişkən, 2014-cü ildə aparılmış monitorinqlərin
nəticələrinə görə, ən yaxşı nəticəni İTV göstərmişdi.
Bəs İTV-nin Monitorinq şöbəsi ilə qərəzi nədir?
Bəlkə Saleh bəy 2013-cü ilin nəticələrindən narazıdır, onun
umu-küsüsünü aparır. Elədirsə, hansı məntiqlə?
Bircə nümunə ilə kifayətlənmək istərdim. Bu, Saleh bəyin
cümləsidir: "Bizim paytaxt Bakının "qonaq otağı" adlanan bulvarımız
var, hansı ki, o da bir başqa gözəlliyə malikdir, hansı ki,
bulvarın genişlənməsi istiqamətində" (21.05.2013-cü il. saat 09:
03).
Deməli, Saleh bəy də ideal aparıcı deyil. Bir cümlədə yad
element olan "hansı ki" qəlibini işlədir, özü də iki dəfə!
Monitorun işi o qüsurları görə bilmək, səhvləri üzə çıxarmaq,
dil qüsurlarının aradan qaldırmasına çalışmaqdır. Elə məqsəd də
budur! Monitor aparıcı deyil - diksiyası, səsi, çəkisi, görünüşü və
s. tələblərə cavab verməyə də bilər.
Monitorinq şöbəsinin fəaliyyətini çox yüksək qiymətləndirən,
dilimiz üçün yanan həqiqi jurnalistlərimizin, aparıcılarımızın sayı
az deyil. Nə yaxşı ki, onlar var və birgə əməkdaşlıq edirik.
Bu kiçik ölkədə dilimiz üçün "yanan mütəxəssisləri" hər kəs
tanıyır. Ad önəmli deyil, insanların gərək vicdanı, əməli saleh
olsun! Qoy dilimiz üçün yanan, onu sevən, keşiyində duran və
dilimizlə fəxr edən azərbaycanlılarımızın Uluslararası Ana Dili
Günü qutlu olsun!