Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən
ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil
məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların
qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə
həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsi barədə
qərar verib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə,
qərarın qəbulunda Prezident İlham Əliyevin "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli fərmanının tələbləri əsas
tutulub.
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin
(digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə
qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək
www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən
onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron
sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati
rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası
tərəfindən aparılacaq.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan
müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada
martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar)
isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək. Müsabiqənin
nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən
uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron
sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malik
olacaqlar.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi
istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni
nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə
əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən
aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək
aparılacaq.
İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu
ərazisində yaradılmış Komissiya tərəfindən "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən
aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında
aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur
qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən
məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla).
Ümumilikdə, tətbiq edilən elektron sistem mövcud olan I sinfə
qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.