Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu beynəlxalq əlaqələrini genişləndirir.
Fonddan Axar.az-a verilən məlumata görə, Ukraynanın Poltava
İqtisadiyyat və Ticarət Universitetində "Ali təhsilin keyfiyyəti:
tələbələrin praktik hazırlığının məzmunu və təşkilinin
təkmilləşdirilməsi" mövzusunda keçirilən 40-cı Beynəlxalq
elmi-metodik konfransa dəvət almış Bilik Fondunun icraçı direktoru
Oktay Səmədov Ukrayna, Belarus və Azərbaycan nümayəndələrinin
iştirak etdikləri konfransın açılış mərasimində iştirak edib.
İcraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında
əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət
qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin Fərmanı
ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata
keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim
və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və
təlimlərinin təşkili barədə geniş məlumat verib.
Konfransın açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət
Universitetinin müraciətinə cavab olaraq universitetlə Bilik Fondu
arasında əməkdaşlıq sazişi imzalanıb.
Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin Fəxri professor
olduğu PTİU-da 300-dək azərbaycanlı bakalavr, magistratura və
doktorantura pillələrində təhsil alır, təhsil ocağının nəzdində
Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan
Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Fondun icraçı direktoru konfrans çərçivəsində bir sıra işgüzar
görüşlər keçirib, Poltava Vilayət Radasının sədri, Ukrayna İqtisadi
Elmlər Akademiyasının vitse-prezidenti, Ukraynanın Mərkəzi
İstehlakçılar Cəmiyyətləri Birliyinin İdarə Heyətinin və Belarusun
Ticarət-İqtisadiyyat Universitetinin rəhbərliyi, PİTU-nun fakültə
dekanları və kafedra müdirləri, doktorant və magistranlarla fikir
mübadiləsi aparıb.
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi ilə bağlı
məlumatları böyük maraqla qarşılayan Poltavanın İ.P.Kotlyarevski
adına 1 nömrəli çoxprofilli şəhər liseyinin direktoru N.A.Verqal
rəhbərlik etdiyi təhsil ocağının bu layihəyə qatılmaq istəyini
nəzərə çatdırıb və liseylə yaxından tanış olan O.Səmədovla
layihənin detallarını müzakirə edib.
Universitetin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Fondun
icraçı direktoru O.Səmədovun və Mərkəz müdiri Y.Alxasovun, həmçinin
universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə
Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
PİTU-da təhsil alan azərbaycanlı gənclər həmyaşıdları olan
ukraynalı tələbələrə Xocalı faciəsi barədə geniş məlumat
veriblər.
Azərbaycanda 2015-ci ilin kənd təsərrüfatı ili elan edildiyini
nəzərə alaraq, O.Səmədov Poltava Dövlət Aqrar Akademiyasında bir
sıra işgüzar görüşlər keçirib, birinci prorektor, professor Pavlo
Pisarenko, Biznes inzibatçılığı və hüquq kafedrasının müdiri,
həmyerlimiz, professor Xanlar Mahmudovla Akademiya əməkdaşlarının
Bilik Fondunun beynəlxalq layihələrində iştirakı ilə bağlı fikir
mübadiləsi aparıb.
Poltava vilayətinin elm və təhsil ocaqları ilə tanışlıq Bilik
Fondunun beynəlxalq layihələrinin məzmununu daha zəngin və
rəngarəng edəcəyinə ümid yaradır.