"Bu gecə, mart ayının son
bazar günü Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Bu ərəfədə
ən çox verilən sual iqtisadi baxımdan buna ehtiyacın
olub-olmamasıdır".
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar
Bayramov açıqlama verib. O, yay vaxtına keçidin mühüm tərəflərini
açıqlayıb:
"Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf
etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir.
Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi,
psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə
qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. İqtisadi baxımdan bu
qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək
imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya
edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır.
Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir
ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı
olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun
digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa
bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi
ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət
edilir".
İqtisadçı qış və yay vaxtlarının tətbiq edilməsinin çox doğru
addım olduğunu bildirib:
"Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir
praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni
zamanda, psixoloji və digər aspektlərə də əsaslandırılır.
Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə
əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə
uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət
təsirləri var. Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının
daha uzunmüddətli olmasına şərait yaradılması baxımından
əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin
gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar
sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli
çəkilməsindən udan sahə hesab edilir".