250 manatlıq biletlər Yeni il qabağı 500 manata
qalxıb.
Yeni ilin gəlişi turizm şirkətlərinin işinə təsir edib. Bayramda
istirahət günlərini dəyərləndirmək istəyən insanlar tətillərini
xaricdə keçirmək istəyirlər, bu da turizm şirkətlərində canlanmaya
səbəb olub.
Əlaqə saxladığımız bir çox turizm şirkətlərinin menecerləri
qiymətlərin ötən illə müqayisədə bahalaşdığını bildirdilər. Eyni
zamanda keçən ilə nisbətən bayramda xaricə getmək istəyənlərin
sayının azaldığı da vurğulandı.
Avia-biletlərin qiymətlərinə gəlincə, iki dəfə bahalaşma
olduğunu deyən Turizm şirkətləri, məsələn, digər vaxtlarda 250
manat olan biletlərin indi 500-550 manata qədər yüksəldiyi
bildirildi.
Hansı ölkədə yeni il səyahəti daha ucuz başa
gəlir?
"Turan Turizm" şirkətinin baş meneceri Qafqaz Bilalovun
sözlərinə görə, son bir həftə ərzində qiymətlər daha da qalxıb.
Buna səbəb isə yeni il qabağı bütün yerlərin tutulmasıdır. Menecer
ən çox Türkiyə, Dubay, Ukrayna, Avropa ölkələrinə gedişin
reallaşdığını bildirdi.
Ən bahalı istirahətin qiyməti
Ukraynaya getmək, 1 həftəlik yeni il tətili keçirmək üçün 1000
manat, Avropaya 1500 manat, Dubaya isə ən ucuz həftəlik istirahət
500-600 manata başa gəlir.
"Royal Travel Azərbaycan"turizm şirkətindən suallarımızı
cavablandıran Mərdan Əskərovun sözlərinə görə, bazarda canlanma
yüksək deyil: "Hazırda ən ucuz biletin qiyməti 500 manatdır. Hansı
ki, onları digər vaxtlarda 200-250 manata əldə etmək mümkün idi.
Ölkə daxili turizmdə isə Şahdağa üz tutanlar daha çoxdur. Bəzi
ailələr yeni il istirahətlərini Şahdağda keçirmək üçün şirkətimizə
müraciət edir".
"Axar.az"ın apardığı araşdırma zamanı bəlli
oldu ki, 7 günlük yeni il tətilini yaddaqalan etmək üçün ən azından
2000 manatınızdan keçməyi gözə almalısınız.