Fransada "Azərbaycan – Cənubi Qafqazın lider dövləti"
adlı kitabın təqdimat mərasimi keçirilib.
Axar.az xəbər verir ki, "A2Cmedia" nəşriyyatı tərəfindən çap
olunan kitabın tərtibçiləri Paris-1 Panteon Sorbon Universitetinin
fəxri sədri, Beynəlxalq Geosiyasət Akademiyasının prezidenti,
Parisin V rayonu merinin müavini professor Jak Soppelsa və
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici
əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin
siyasi elmlər doktoru Turab Qurbanovdur.
Jak Soppelsanın rəhbərliyi ilə nəşr olunan 190 səhifəlik
məqalələr toplusundan ibarət kitabın ön sözünün müəllifi Fransanın
ölkəmizdəki sabiq səfiri Bernar Dorəndir. V rayonunun meriyasında
keçirilən təqdimat mərasimini açan Jak Soppelsa Cənubi Qafqazın
lider dövləti Azərbaycana Fransada böyük marağın olduğunu nəzərə
alınaraq, belə bir kitabın nəşrinə zərurət yarandığını
söyləyib.
J.Soppelsa Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən, Azərbaycanın bir çox beynəlxalq təşkilatlara üzv
olmasından və iqtisadiyyatının sürətlə inkişaf etməsindən də söhbət
açıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov demokratik və
dünyəvi ölkəmizin qədim sivilizasiyanın beşiyi kimi Şərqlə Qərbin
qovuşuğunda yerləşdiyini, Rusiya, Türkiyə, İran, Gürcüstan və
Ermənistanla həmsərhəd olduğunu qeyd edib. O, 1918-ci ildə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk
demokratik quruluşlu dövlət olduğunu, qadınlara seçib-seçilmək
hüququnun verildiyini, lakin bu dövlətin cəmi 23 ay yaşadığını
diqqətə çatdırıb. Azərbaycanın yalnız 70 ildən sonra öz
müstəqilliyini bərpa etdiyini, ilk illərdə iqtisadi və siyasi
çətinliklərlə üzləşdiyini bildirib. Səfir 70 illik totalitar
rejimdən xilas olan Azərbaycanda ötən əsrin 90-cı illərinin
ortalarından sabitliyin bərqərar olunduğunu, ölkənin iqtisadi
inkişaf yoluna qədəm qoyduğunu, qısa vaxtda dünyanın aparıcı
dövlətləri arasında nüfuzunun artdığını bildirib.
Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığından bəhs edən
Fransanın İqtisadi, Sosial və Ətraf Mühit Şurasının sabiq üzvü,
Paris Beynəlxlaq və Siyasi Elmlər İnstitutunun professoru xanım
Patrisya Mamet Azərbaycanın Avropa təsisatları ilə əlaqələrindən,
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan,
Avropa İttifaqı ilə əməkdaşlığından söhbət açıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici
əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin
siyasi elmlər doktoru Turab Qurbanov kitabda toplanmış məqalələrdə
bəhs edilən məsələlər barədə məlumat verib. Kitabda J.Soppelsanın
"Cənubi Qafqazın geosiyasəti – Azərbaycan güc münasibətlərinin
mərkəzində", "Azərbaycan və "yumşaq güc": idmandan humanitar
Davosa", T. Qurbanovun "Ermənistan - Azərbaycan münaqişəsinin
hüquqi aspekti tərəflərin nöqteyi-nəzərində", BMT-nin İnformasiya
İdarəsinin sabiq direktoru səfir Hassen Fodhanın "Azərbaycan-BMT
münasibətləri: beynəlxalq sülh və əməkdaşlıq naminə əməkdaşlıq",
Beynəlxalq Geosiyasət Akademiyasının üzvü, siyasi elmlər doktoru
Karol Blijsverdin "Azərbaycan və enerji çağrışları: neft
zənginliklərindən alternativ enerjiyə", Paris Şərqi Kretey
Universitetinin idarəetmə və beynəlxalq mübadilələr fakültəsinin
dekanı professor Jan-David Avenelin "Azərbaycanın iqtisadiyyatı:
müasir vəziyyət və perspektivlər", Patrisya Mametin "Azərbaycan və
Avropa institutları: gələcək inteqrasiya naminə hüquqi və təşkilatı
islahatlar" və Bakı Dövlət Universitetinin müəllimi Fazil
Zeynalovun "Azərbaycan: İpək yolu üzərində dövlətçilik ənənəsinin
zəngin tarixi" məqalələri toplanıb.
Qeyd edək ki, qondarma erməni soyqırımının "100 illiyi" ərəfəsində
daha çox təxribat törətməklə fəallaşan ermənilər bu tədbirdə də
belə əməllərindən çəkinməyiblər. Fransadakı erməni diasporunun
təqdimatda iştirak edən nümayəndələrindən biri ölkəmizin tarixinə
kölgə salmaq məqsədilə təxribat xarakterli sual verib. Səfir
E.Emirbəyov bu suala faktlar əsasında tutarlı cavab verib və erməni
tərəfin əsassız iddialarını ifşa edib.