Bu gün yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu
Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada 56
ailə qeydiyyatda olub.
Bu barədə APA-ya açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısının müavini Aygun Əliyeva bildirib.
A. Əliyeva deyib ki, yanğına qədər binada yaşayanların sayı dəqiq
məlum deyil: "Çünki binada kirayə yaşayanlar, ümumiyyətlə, binada
ev alsalar da, yaşamayanlar da var. Ona görə də binada yaşayanların
sayı ilə bağlı dəqiqləşdirmə aparılır".
A. Əliyeva deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı
ilə hazırda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bütün
zərərçəkənlərin müvəqqəti kirayə evlə təmin olunması sahəsində
işlər görülür: "Biz də hazırda hadisə yerindəyik, bütün zərərçəkən
sakinlərin qeydiyyatı aparılır. Kimlər kirayə evlə təmin olunmaq
barədə müraciət edirsə, ehtiyacı varsa, onların hamısı müvəqqəti
olaraq kirayə formasında evlə təmin olunacaqlar".
A. Əliyeva İcra Hakimiyyəti əməkdaşlarının yanğın zamanı xəsarət
alan və xəstəxanada yerləşdirilən sakinlərin yanında olduqlarını da
qeyd edib.
Xatırladaq ki, bu gün baş verən yanğın nəticəsində 14 nəfər ölüb,
50 nəfər xəsarət alıb.