Dünən Binəqədi rayonundakı
yaşayış binasında baş verən yanğın faciəsində Azərbaycan Dövlət
Pedaqoji Universitetinin professoru Təyyar Salamoğlunun nəvəsi də
faciəvi surətdə yanaraq dünyasını dəyişib.
Axar.az-ın verdiyi xəbərə görə, T.Salamoğlunun ağır sarsıntı
keçirdiyi bildirilir.
Bakının Binəqədi rayonundakı yanğın zamanı dünyasını
dəyişənlərdən biri də Bakı-2015 I Avropa Oyunlarının
könüllüsüdür.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC)
Report-a verilən məlumata görə, bu, Eyvazova Ülkər Hamir
qızıdır.
21 yaşlı könüllü özündən 5 yaş kiçik qardaşı Eyvazov Davud Hamir
oğlu və anası, 43 yaşlı Şirinova Zülfiyyə Yavər qızı ilə birgə
vəfat edib.
BEGOC mayın 19-da yaşayış binasında baş vermiş dəhşətli yanğın
hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən I Avropa
Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası
Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun
faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və
mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, dünyasını dəyişən ailə üzvləri həm də Azərbaycan
milli komandasının sabiq futbolçusu Emin Quliyevin yaxın
qohumlarıdır.