Ana səhifə Toplum |
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.
Axar.az məktublardan bəzilərini təqdim edir:
Zaur Spivakdan, Berlin, Almaniya: "Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin Azərbaycan naminə gördüyünüz bütün işlər xalqımız tərəfindən dəstəklənir. Qələbə ilə başa çatan 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Həmin günlərdə biz- Vətəndən kənarda yaşayan azərbaycanlılar - Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik. Azərbaycan diasporu daim Sizin qayğı və diqqətinizi hiss edir. Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir.
Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm".
Cavid Çağlardan, İstanbul, Türkiyə: "Hörmətli cənab Prezident, dəyərli qardaşım, Sizi Ermənistanın işğalına qarşı mübarizədə qazandığınız Qələbə münasibətilə təbrik edir və alqışlayıram.
Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi. Atanızın yaxın dostu olaraq Sizi və Azərbaycan xalqını təbrik edir, yeni ilinizin uğurlu olmasını arzu edirəm".
Səlahəddin Aslanovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! Sizi yeni tarix yazmağınız, doğma Qarabağ torpaqlarını almağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazdınız! Siz bunu dünyanı mat qoyan müdrik və uzaqgörən siyasətinizlə bacardınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz.
Sizin xarici ölkə jurnalistlərinə verdiyiniz müsahibələri, xüsusilə dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, onlara verdiyiniz kəskin və tutarlı cavablarınızı, Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmağınızı böyük qürur və iftixar hissi ilə izləyirdik.
XX əsrin qəhrəmanı ulu öndərimiz Heydər Əliyevdir, XXI əsrin qəhrəmanı isə Sizsiniz, cənab Ali Baş Komandan!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!".
Murad Əliyevdən, Oğuz, Azərbaycan: "Hörmətli cənab Prezident, Sizi və müzəffər Azərbaycan Ordusunu şəxsən öz adımdan və yaşadığım Calut sakinləri adından möhtəşəm, şanlı Qələbə münasibətilə təbrik edirəm, minnətdarlığımı bildirirəm.
Siz bu şanlı Qələbəyə imza atmaqla, atanızın vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz, onun əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz. Bizə isə qalib ölkənin qalib vətəndaşı sevincini yaşatdınız.
Ulu Tanrı Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun. Sizləri bu ölkənin, bu xalqın başı üzərindən əskik etməsin. Sizə qalib Azərbaycanın xoşbəxt gələcəyi naminə yeni zəfərlər arzulayıram.
Mütəllib Əliyevdən, Mingəçevir, Azərbaycan: "Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! İkinci Qarabağ müharibəsinin iştirakçısı, Suqovuşan və Talışkənd döyüşlərinin iştirakçısı kimi Sizə dərin təşəkkürümü bildirirəm. Siz tarixdə əbədi iz qoydunuz. Sizin böyük siyasətçi və lider olduğunuzu bütün dünya bir daha gördü. Biz Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik.
Biz fəxr edirik ki, Azərbaycanlıyıq!
Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!".
Teymur Heydərovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! 27 sentyabr 2020-ci il tarixində başlamış, 44 gün ərzində davam etmiş Vətən müharibəsində erməni faşistlərini dəmir yumruğunuzla məhv etdiniz. Bu qələbə ilə Siz Azərbaycan tarixində görünməmiş bir zəfər qazandınız. Sizə ailə üzvlərim və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Sizin göstərişiniz əsasında qazilərə qayğı, maddi və mənəvi dəstək olunmasının canlı şahidiyəm. Çünki mənim oğlum, qazi olan mayor Heydərov Elşad Teymur oğluna da yüksək səviyyədə diqqət və qayğı göstərilir. Buna görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Övladım Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə sağ ayağını dizdən yuxarı itirmişdir. Vətən sağ olsun! Mən fəxr edirəm ki, oğlum torpaqlarımızın azad olunması uğrunda mübarizədə iştirak etmişdir.
Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!
Elşad Hüseynovdan, Bakı, Azərbaycan: "Hörmətli Prezident! Müzəffər Ali Baş Komandan! 44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur. Bu, Azərbaycan kimi gənc bir ölkə və onun gənc ordusu üçün həqiqətən misilsiz uğur, inanılmaz nailiyyətdir. Sizin xalqı bir yumruq kimi birləşdirən “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Bu xoş günləri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk. Bütün məcburi köçkünlər kimi Laçın rayonu Mirik kənd əhalisinin mütləq əksəriyyəti də vandal düşmənlər tərəfindən darmadağın edilmiş ata-baba yurd yerlərimizin bərpası və abadlaşdırılması işində iştirak etmək üçün səbirsizliklə o torpaqlara qayıdacağı günü gözləyir.
Tarix
2021.01.12 / 15:33
|
Müəllif
Axar.az
|