Bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə
qəbul bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə
əsasən həyata keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Axar.az-a verilən
məlumata görə, TQDK tərəfindən 2015/2016-cı tədris ili üzrə qəbul
qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu
yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən
ixtisaslar daxildir. Ali təhsil müəssisələrinin I, II, III və ya IV
ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək
istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak
edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas
qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün
əlavə imkanlar yaradılıb.
Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik)
bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış
imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi
əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün
isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də
keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.
Ərizə qəbulunun statistikası göstərir ki, bu yenilik minlərlə
gənc tərəfindən müsbət qarşılanıb. Belə ki, 17802 nəfər abituriyent
I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə
ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889
nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.
Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib.
Onlardan 4894 nəfəri cari ilin, 5552 nəfəri əvvəlki illərin
məzunlarıdır.
Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək
üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent
qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786
abituriyent isə əvvəlki illərin məzunlarıdır.
Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa
çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd
qəbulu may ayının 31-dək davam edəcək. Kolleclərin müsabiqəsində
iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV
ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki
illərin məzunu olan abituriyentlər və Azərbaycan Respublikasının
orta məktəblərini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta
kimi kolleclərə elektron ərizə təsdiq etməlidirlər.