"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
Milli Məclisin mayın 29-da keçirilən iclasında millət vəkili Musa
Quliyevin həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məhəmməd Əmin
Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir
edilməsi ilə bağlı fikirlərinə münasibətinə etiraz
edib.
Qeyd edək ki, Sabir Rüstəmxanlının fikirlərinə münasibət
bildirərkən Musa Quliyev bildirmişdi ki: "Sabir Rüstəmxanlının
burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç
bir əsası yoxdur. Ümumiyyətlə, Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin
başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks
etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o
abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə
bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra
Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat
Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S.
Rüstəmxanlının ürəyi yanırsa, Nəqliyyat naziri onun qudasıdır,
gedib ondan xahiş etsin və o parkı təmir etdirsin."
Bu fikirlərlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat
Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, hörmətli
millət vəkili Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi
dəqiqləşdirmələr aparmağa ehtiyac var:
"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li Sərəncamına əsasən,
Azərbaycan Dəmir Yolunun balansında olan Gəncə, Sumqayıt, Əli
Bayramlı, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz,
Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Göoranboy,
Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş,
Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı
kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar
aidiyyatı üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına
verilməlidir".
N.Əzməmmədov bildirib ki, bu Sərəncama əsasən, "Azərbaycan Dəmir
Yolları" QSC rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq
məktubla müraciət edib:
"Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-ci ildə
"Azərbaycan Dəmir Yolları" QSC göndərdiyi cavab məktubunda
Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla
bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının
Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə
əvəzsiz qəbul edilməsinə razılıq verilmişdir".
N.Əzməmmədov vurğulayıb ki, hazırda Gəncədəki Məhəmməd Əmin
Rəsulzadənin abidəsinin yerləşdiri parkda aparılan təmir-tikinti
işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan
Dəmir Yolları" QSC-yə heç bir aidiyyatı yoxdur. Parkdakı hər hansı
neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən
təşkilatdır.