I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gətirilən
"BakuBus" MMC-nin "İveco" markalı avtobuslarının marşrutları,
hərəkət qrafikləri və qiymətləri müəyyən edilib.
"APA-Economics" "BakuBus"un saytına istinadən xəbər verir ki,
"BakuBus" ictimai nəqliyyatında nağd ödəniş qəbul edilmir və vahid
kart (BakıKart) tətbiq olunur ("BakıKart" beynəlxalq standartlara
uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron
ödəniş kartıdır – red.).
Onu da qeyd edək ki, "BakıKart"-ın alınması və istifadə qaydası çox
rahatdır. Belə ki, kartları metro stansiyalarındakı "BakıKart"
terminallarından əldə etmək mümkündür. "BakıKart" terminalları
yalnız nağd ödəniş qəbul edir və vahid sistemdə 2 növ kartdan
istifadə olunur:
1. "BakıKart" - plastik kart, qiyməti 2 manat, bir
gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda balansın
artırılması mümkündür və kartlar geri qaytarılmır.
2. "BakıKart" - məhdud istifadə üçün. Kartın
qiyməti 0,20 manatdır. Bu kart satın alındığı zaman isə 1,2,3 və 4
gediş yükləmək mümkündür. Bir gediş haqqının qiyməti 0,20 manatdır.
Lakin bu növ kartların terminallarda balansının artırılması mümkün
deyil və kart ilk istifadəsindən 45 gün müddətinə etibarlıdır.
"BakuBus"ın marşrut xətlərinə gəlincə, marşrut avtobusları aşağıda
qeyd olunan müvafiq istiqamətlərdə:
1 nömrəli marşrut avtobusu – Koroğlu metro
stansiyası - 28 May metro stansiyası;
2 nömrəli marşrut avtobusu – 20 Yanvar metro
stansiyası – Azadlıq metro stansiyası, Ziya Bünyadov;
3 nömrəli marşrut avtobusu – Azadlıq metro
stansiyası – Elmlər Akademiyası metro stansiyası;
4 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov
metro stansiyası – Şah İsmayıl Xətai metro stansiyası;
5 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov
metro stansiyası – 20 Sahə;
6 nömrəli marşrut avtobusu – Azadlıq metro
stansiyası – 20 Sahə;
7 nömrəli marşrut avtobusu – Azadlıq metro
stansiyası, Ziya Bünyadov – 20 Sahə;
8 nömrəli marşrut avtobusu – Azadlıq metro
stansiyası – 28 May metro stansiyası;
9 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov
metro stansiyası – "Caspian Mall";
10 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov
metro stansiyası – Azneft dairəsi;
11 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov
metro stansiyası – Elmlər Akademiyası metro stansiyası;
12 nömrəli marşrut avtobusu – 20 Yanvar metro
stansiyası – 20 Sahə;
13 nömrəli marşrut avtobusu – 20 Yanvar metro stansiyası –
Koroğlu metro stansiyası;
14 nömrəli marşrut avtobusu – 20 Yanvar metro
stansiyası – Şah İsmayıl Xətai metro stansiyası;
Ekspress Xətt H1 – Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı - Mərkəz və əks istiqamət üzrə hərəkət edəcək.
"BakuBus"un Heydər Əliyev adına Beynəlxalq Hava Limanından - Mərkəz
və əks istiqamət üzrə "Ekspress Xətt"i iyunun 10-dan istifadəyə
verilib. Marşruta əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanı I və
II terminallar önündən hərəkət edən avtobuslar Koroğlu metro
stansiyasında bir dəqiqəlik qısa fasilə etməklə Səməd Vurğun
bağında dayanırlar. Avtobuslar 30 dəqiqəlik intervala 24 saat
xidmət göstərməkdədir və qeyd olunan xətt üzrə hərəkət edən
avtobuslarda gediş haqqı 1,50 manatdır. Burada da nağd ödəniş qəbul
olunmur, ödəmə kartlarını isə Heydər Əliyev Beynəlxalq Hava Limanı
I və II terminalların çıxışında "BakıKard" terminallarından əldə
etmək olar.
Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrut üzrə hərəkət edən
avtobus yalnız xüsusi təyin olunan dayanacaqlarda dayanacaq.
Xatırladaq ki, Fransa istehsalı olan "İveco" markalı avtobuslar
"İveco Crealis" və "İveco Urbanway" olmaqla iki modeldən
ibarətdir.