Axar.az
Yuxarı

"Yaşıl Kart"la bağlı inteqrasiya tamamlandı - DGK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də Dövlət Gömrük Komitəsi və İcbari Sığorta Bürosu arasında "Yaşıl Kart" müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə təqdimat və mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DGK) elektron informasiya sistemi arasında "Yaşıl Kart" müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. İnteqrasiya nəticəsində saxta "Yaşıl Kart"ların yayılması və istifadəsinin qarşısı alınacaq.

İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində "Yaşıl Kart"ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir.

Belə ki, yaxın keçmişdə dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması halları təsbit edilib və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlanıb. İnteqrasiyanın tamamlanması bu kimi xoşagəlməz halların qarşısını almaqda mühim rol oynayacaq.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində bütün sahələrdə olduğu kimi, dövlət və özəl sektorla məlumat mübadiləsi sahəsində də mühüm işlər görülüb. Artıq bir sıra dövlət qurumları ilə sistemlərin qarşılıqlı olaraq inteqrasiya edilməsi sənədlərin və digər zəruri məlumatların onlayn qaydada mübadiləsinə imkan yaradıb.

İsmayıl Hüseynov vurğulayıb ki, İcbari Sığorta bürosu ilə də elektron sistemlərin inteqrasiya edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində "Yaşıl Kart"ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradıb. Bu da gələcəkdə baş verəcək sığorta hadisələri zamanı proseslərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov isə bildirib ki, İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək funksiyasını daşıyır. İcbari Sığorta Bürosu ölkəmizdə "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi də fəaliyyət göstərir. Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir və qanunvericiliyin tələbinə uyğun olaraq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir.

Qeyd edilib ki, iki qurum arasında aparılan inteqrasiya işləri saxta "Yaşıl Kart" müqavilələrinin satılması ilə bağlı yaşanan problemin həllinə öz töhfəsini verəcək. Son zamanlar İSB-yə "Yaşıl Kart"la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair xaricdə fəaliyyət göstərən "Yaşıl Kart" büroları tərəfindən bir çox məlumatlar daxil olur. Öz növbəsində İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, "İcbari Sığortalar haqqında" Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın "Yaşıl Kart"ını yalnız "Yaşıl Kart" sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində mövcuddur və qanunun tələbinə əsasən mütəmadi olaraq rəsmi mətbuat orqanlarında dərc edilir.

Rəşad Əhmədov onu da bildirib ki, Azərbaycan və Türkiyənin "Yaşıl Kart" sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb. Proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyə Respublikasının gömrük məntəqələrinə daxil olduqda "Yaşıl Kart"ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyə Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsi ilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta "Yaşıl Kart" sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.

Tədbir çərçivəsində "Yaşıl Kart" sistemi ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib və sonda jurnalistlərin sualları cavablandırılıb.

Tarix
2022.01.18 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Toy edənlərin pis xəbər - Video

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda yüksək vəzifələrə təyinatlar

Bugünkü imtahanların düzgün cavabları açıqlandı

Son sutkada cəmi 1 nəfər koronaya yoluxub

Marixuana çəkib maşın sürən şəxs saxlanıldı

Müdafiə və təhlükəsizlik sahəsinə nə qədər xərclənib?

Binəqədidə 5 evdən oğurluq edən şəxs saxlanıldı - Video

Səlim Müslümovun səhhətində ciddi problem yarandı

Müəllimin evində təhsil alan şagirdlər üçün məktəb tikilir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla