Bakı şəhəri və regionlar
üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya
biləcəklər. Ev telefonları dünyanın hər yerinə
daşınacaq.
Axar.az xəbər verir ki, bu gün Aztelekom MMC-də yeni
"Aztelphone" xidmətinin təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan Aztelekom MMC-nin Baş direktoru
Məhəmməd Məmmədov bildirib ki, Aztelekom MMC stasionar rabitə
tarixində bir ilkə imza atıb.
İKTŞ-nin müdiri Ədalət Abbasovun sözlərinə görə, xidmətin
yaradılmasında məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox
danışmasını təmin etməkdir.
Xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev
və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə
(smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə
zəng edə biləcək. Zənglərin şərtsiz yönləndirməsi servisini
aktivləşdirib respublika daxilində, xarici ölkədə internet şəbəkəsi
olan yerlərdə zəngləri qəbul edə, yaxud zəng etmək mümkün
olacaq.
Qeyd edək ki, daşınan nömrədə də istifadə qaydaları və danışıq
tarifləri dəyişməz qalır.
Mobil operatorların "Rouminq" xidmətindən fərqli olaraq bu
xidmət ödənişsizdir. Sadəcə, daşınan (məsələn, 346 xxxx nömrəsi)
sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin
olması kifayət edir.
Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya
qovşaqlarına müraciət edə bilər. Bunun üçün abunəçiyə login və
parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon
nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu
əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna
(smartfon, planşet və ya kompüter) yazılan "Aztelphone" proqramı
vasitəsilə daşınır.
Abunəçinin ölkə xaricində və daxilində istənilən bölgədə etdiyi
zənglər və onun istənilən nömrəyə, mobil telefona etdiyi zənglər
mövcud tariflərə uyğun hesablanır. Bakı telefon abunəçiləri
paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa
bilərlər. Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi
zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng
etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu
"Aztelphone" xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun
rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.
Xatırladaq ki, bu xidmətə bütün sabit telefon şəbəkə abunəçiləri
qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də
yararlanacaqlar.
Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.
Daha ətraflı məlumat almaq 344 00 00 (daxili 305 və ya 280)-ə
üçün zəng edə bilərsiniz.