Binəqədi rayonu, Azadlıq
prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri
artıq yeni təmir edilmiş mənzillərə köçməyə başlayıblar. Mayın
19-da baş vermiş yanğınla əlaqədar evlərini tərk etmiş sakinlərin
bəzilərinə dünən mənzillərin açarları təqdim olunub. Bir qisminə
isə təmir edilmiş mənzillərinin açarları bu gün təqdim
ediləcək.
Binəqədi rayon İcra Hakimiyyətinin rəsmiləri, habelə 72 saylı
Mənzil Kommunal Sahəsinin işçiləri də burada idi. Yük taksiləri isə
sakinlərin əşyalarını mənzillərə daşıyırdı. "Azəraqrartikinti"
şirkəti tərəfindən təmir edilən binada işıqlandırma-elektrik, su
təchizatı sistemi yenidən qurulub. Mənzillərin və blokların
qapı-pəncərələri yenilənib, bütün otaqlar təmir edilib, pəncərələrə
yeni pərdələr asılıb. Həmçinin hər bir mənzil yeni mətbəx və digər
mebellərlə təchiz olunub.
Sakinlər təmirlə bağlı fərqli fikirdədirlər. Razı qalanlar da
var, narazı olanlar da. Evinə əşya daşıyan sakinlərdən biri
mənzilinin təmirində müəyyən nöqsanlara yol verildiyini dedi:
"Divar kağızını yaxşı vurmayıblar. Ona görə də bəzi yerlərdə
xoşagəlməz mənzərələr ortaya çıxıb. İcra Hakimiyyətinin rəsmiləri
deyirdilər ki, ayaqqabılarınızı çıxarıb mənzillərinizə daxil
olacaqsınız. Amma belə olmadı. Paltaryuyan, qızdırıcı istisna
olmaqla, heç bir texniki avadanlıq verməyiblər".
Digər sakin isə əksinə, təmir və yenidənqurma işlərinin yaxşı
həyata keçirildiyini dedi: "Binanın əvvəlki vəziyyəti belə deyildi.
Bloklarda köhnə elektrik xətləri sallanırdı".
Sakinlərlə yanaşı, onların yaxınları da yaradılmış şəraitdən
razı qaldıqlarını dedilər. Səfurə Mazanova bildirdi ki, əvvəlki
mənzillərlə müqayisədə hər şey əladır: "Binanın dəhlizi gözəl təmir
edilib. İsti-soyuq su, qızdırıcı sistem yaxşı qurulub. Əvvəllər heç
mənzillərin içində də qızdırıcı yox idi. Amma indi onu hətta
bloklara da quraşdırıblar. Habelə kommunikasiya xətləri də
səliqəsiz idi. İndi hər şey normaldır. Mebellər də təzədir".
"Azəraqrartikinti" şirkətinin sahə rəisi Sənan Şükürov bildirdi
ki, onlar binanın təmirinə elə may ayından başlayıblar: "Mayın
22-də 59 mənzilin hər birində təmir işlərinə başlanıldı. Təmir
işləri artıq başa çatıb. Yalnız xırda-para işlər qalır. Mənzillərin
hər biri mebel avadanlıqları ilə təchiz edilib. Binanın
kommunikasıya xətləri tamamilə yenilənib. Yeri gəlmişkən, binanın
əvvəlki su xətləri bərbad vəziyyətdə idi. Həmin xətlər tamamilə
yeniləndi. Gördüyünüz kimi, istilik sistemi təkcə mənzillərdə yox,
bloklarda da quraşdırılıb. Binaya isti su xəttinin çəkilişi başa
çatıb.
Nəinki mənzillər, ümumiyyətlə, binanın dəhlizi, pilləkənlər,
lift tamamilə yenilənib, əsaslı şəkildə təmir edilib. Lakin bu
binada qaz əvvəlcədən olmayıb. Yanğın təhlükəsinin qarşısını almaq
üçün bloklarda və mənzillərdə mərkəzləşdirilmiş yanğın
siqnalizasiya sistemi quraşdırılıb. Hər hansı yanğın təhlükəsinin
qarşısını almaq üçün şaxtalar tikilib".
O bildirdi ki, dünən günortaya qədər 39 mənzilin açarı
sahiblərinə təhvil verilib:
"İşlərimizi davam etdiririk. Əgər yekunlaşdıra bilsək,
mənzillərin hamısını sentyabrın 29-da sahiblərinə təhvil verəcəyik.
59 mənzildən yalnız birinin sahibi – 14-cü mərtəbədə yaşayan sakin
öz evinə köçmək istəmir. Bu, həmin sakinin mənəvi sarsıntısı ilə
əlaqədardır. Onun övladı yanğın zamanı dünyasını dəyişib.
İnşaat işləri ilə bağlı bütün suallara cavab verə bilərik. Çünki
bu, birbaşa bizim səlahiyyətimizə aiddir. Təbii ki, təmir işləri
zamanı müəyyən məsələlər ortaya çıxır. Habelə təhvil veriləndə də
müəyyən çatışmazlıqlar ola bilər. İşimiz başa çatsa da, hər hansı
suallara cavab vermək, təmir işləri ilə bağlı məsələləri həll etmək
üçün bir neçə həftə burada olacağıq".
Qeyd edək ki, sakinlərdən bir neçəsi təmirdən çıxmış
mənzillərində əvvəllər kondisionerlərin, televizorların və
soyuducuların olduğunu iddia edirlər. Hətta bəziləri deyir ki, bir
müddət əvvəl quraşdırılmış kondisionerin yeri hələ də qalmaqdadır.
İş icraçısı bu məsələyə də aydınlıq gətirdi: "Əvvəllər bütün
mənzillərin həmin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulurdu.
Ola bilsin, vəsait çatışmazlığından sonradan bu qərar dəyişib.
Həmin səbəbdən mənzillərə kondisioner, soyuducu və televizor
qoyulmayıb. Lakin bununla bağlı yeni qərarın verilməsi də istisna
olunmur".
Publika.az