Tanınmış Rusiya nəşri olan "Nezavisimaya qazeta"da hüquq
professoru İlham Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" adlı yeni
elmi kitabı barədə Roza Tsvetkovanın yazdığı məqalə dərc
olunub.
Cinayətin fəlsəfəsi… Yaxud cəzanın fəlsəfəsi… Cinayət hüququ
problemlərindən və fəlsəfədən uzaq, cinayətkarlıqla mübarizə
problemlərini isə televizorda axşam detektivlərinə baxmaqla dərk
edən adamlar üçün bu söz birləşməsi ən azı qəribə görünə bilər.
Əslində: "cinayətin fəlsəfəsi"? Qətlin fəlsəfəsi? Yaxud oğurluğun?
Yaxud daha pis, zorlanmanın fəlsəfəsi nə deməkdir? Biz hansı
cinayətin fəlsəfəsindən danışırıq? Ümumiyyətlə, bu barədə danışmaq
olarmı (ən əsası, lazımdırmı)? Artıq bu suallara cavab tapmaq üçün
Rusiya və Azərbaycanda məşhur alim, hüquq elmləri doktoru,
professor İlham Məmmədhəsən oğlu Rəhimovun "Cinayət və cəzanın
fəlsəfəsi" kitabına baxmaq lazımdır. Bakıda onun təqdimatına xüsusi
olaraq yüzdən artıq alim, diplomatik nümayəndə, Azərbaycandan,
Rusiyadan, Türkiyədən, Qətərdən və digər ölkələrdən qanunvericlik
və cinayət hüququ sahəsində ekspertlər toplanmışdı.
Əslində kitab – təkcə cavabların axtarışı deyil. Bəşəriyyət
yarandığı andan cinayət törədir. İncilə görə, Allah insanı Özünə
oxşadaraq yaradıb (Varlıq kitabı 1, 26). Doğrudanmı, cinayət Allaha
da xasdır? Qətiyyən! İnsan qadağanı aşaraq özü bu surətdən çəkilib
– idrak ağacının barını dadıb və ölümsüzdən faniyə çevrilib.
Təsadüfi deyil ki, o (Adəm) xəbərdar edilmişdi: bu barın dadına
baxsan, öləcəksən (Varlıq kitabı 2, 17). İnsan dadına baxdı, hər
şeyi anladı, bəs nəyə görə dayanmadı və yeni cinayətlər törətməyə
başladı: oğurluqdan qətlə keçdi və ilaxır. Belə davranışın səbəbi
nədir? Bu gün cinayət nə deməkdir? Bu, min, yaxud beş min il əvvəl
törədilən cinayətə oxşayırmı? Burda da biz obyektiv (oxu: məcburən)
cavabsız suallar təbəqəsinə gəlib çıxırıq, bu suallara cinayət
hüququ və kriminologiya çərçivəsində cavab vermək, sadəcə,
mümkünsüzdür. Orda bu cavablar yoxdur.
Təbiətdə cinayət yoxdur. Cinayət – razılıqlı kateqoriyadır.
Müxtəlif dövrlərdə və yerlərdə insanlar özlərinin həyati vacib,
lakin cari maraqlarından irəli gələrək nəyi cinayət
adlandıracaqlarına dair razılığa gəlirdi. Qədim Misirdə fironun
kölgəsini tapdalamaq kimi ağır cinayət var idi, buna görə
istisnasız ölüm cəzası verilirdi. RSFSR-in 1960-cı ilin CM-ə görə,
xaricdən qayıtmaqdan imtina vətənə xəyanət kimi qiymətləndirilirdi,
buna görə ölüm cəzası verilə bilərdi. Bu gün bu, vəhşilik kimi
görünür, ancaq belə olub. Bəs o zaman qanunvericilər nəyəsə
əsaslanıb? Belə normaların əsasında hansı əxlaqi, fəlsəfi, sosial
əsaslar var idi? Görünür, dərin əxlaqi, fəlsəfə kateqoriyalarını
dərindən öyrənmədən bu suallara adekvat cavablar tapa
bilməyəcəyik.
Bütün bunlar cinayəti dərk etməyə də aiddir. Ancaq belə baxanda,
cəzada mürəkkəb nə var? Xeyli qədim manuskriptlərdə talion
prinsipinin istifadəsinin zəruriliyinə işarə edilir: diş sındırılıb
– cinayətkarın dişini sındırmaq lazımdır, bir adam o biri adamın
əlini baltalayıb - onun da əli kəsilməlidir, öldürüb – onu da
öldürmək lazımdır. Hər şey sadədir. Ancaq kimin bundan qazanacağı
məlum deyil: cəmiyyət bir əlilin əvəzinə ikisini, bir meyitin
əvəzinə iki meyit alacaq. Əgər bir yaramaz yüzlərlə adamı öldürübsə
– axı onu heç iki dəfə öldürmək mümkün olmayacaq. Deməli, cəza
təsir etmir? Yaxud Amerikada olduğu kimi azadlıqdan məhrum etmə
müddətlərinin üst-üstə gəlməsi prinsipi tətbiq edilsin: üç ömürlük
cəza, yaxud 926 il azadlıqdan məhrum etmə cəzası? Bu, cəfəngiyyat
deyilmi?
Bəşəriyyət öz inkişafı yolunda cinayətkarlara ən sərt, hətta
qəddar təsir tədbirlərindən istifadə edib, ancaq cinayətkarlıq
artıb. Cəza tədbirlərini humanistləşdirməyə başladılar – daha da
pis oldu. Deməli, prinsipial fərqli nəsə etmək lazımdır. Ancaq nə?
Təəssüf ki, birmənalı cavab yoxdur. Ancaq bu, o demək deyil ki, onu
axtarmaq lazım deyil. Təhlil edilən iş – buna açıq-aşkar nümunədir.
Axtarmaq lazımdır və axtarışlar davam edir. Gec-tez biz bu
cavabları tapacağıq.
Böyük mənada fəlsəfənin cinayət hüququ sahəsinə, ümumiyyətlə,
cinayətkarlıqla mübarizə sahəsinə cəlb edilməsi – cəmiyyət və
dövlət tərəfindən müasir cinayətkarlığın səviyyəsi və vəziyyətindən
irəli gələn təhlükələrə adekvat cavab tapmaq cəhdidir.
Xatırlatmaq lazımdır ki, müəllifin bundan əvvəlki işi
"Cinayətkarlıq və cəza" (2012) adlanırdı. Keçmişin bir çox
mütəfəkkirlərinin yazdığı kimi cinayət və cəza yox - Dostoyevskinin
məhz belə adlanan romanını yada salmaq bəsdir - məhz
cinayətkarlıq.
Məsələ bundadır ki – cinayət həmişə insanın bioqrafiyasında
(təbii ki, bəzi vətəndaşların bioqrafiyasında bir neçə belə fakt
ola bilər) nadir təsadüf edilən faktdır. Cinayətkarlıq isə öz
qanunları ilə inkişaf edən kütləvi sosial təzahürdür. Təəssüf ki,
biz bu qanunları bilmirik. Biz bilmirik, ancaq dərk etməyə
çalışırıq. Əlbəttə, cəmiyyət cinayətkarlığa reaksiya verməyə
bilmir, ancaq reaksiya növlərindən biri kimi cəza – bu da artıq həm
cinayətkarlıq, həm də cəzanın inkişaf tarixi ilə sübut olunub –
cəmiyyəti bütövlükdə cinayətdən azad edə bilməz. O (cəza) obyektiv
olaraq hansısa digər təsir vasitələri ilə gücləndirilməlidir. Biz
bu gün onları heç təsəvvür etməyə bilərik. Ancaq onlar tapılacaq.
Bununla əlaqədar "Cinayət və cəzanın fəlsəfəsi" kitabı bu
axtarışlar istiqamətində daha bir addımdır. Nəhayət, son qeyd.
Cinayətkarlıqla mübarizə sahəsində fəlsəfi mülahizələr olmadan
keçinmək olarmı? Müəllif bu problemi təfsilatı ilə işıqlandırır.
Nəticə sadədir: olmaz. Daha da aydın olsun deyə, əlavə etmək olar:
yoxlanılıb, amma alınmayıb. Ona görə də sirk atları kimi dövrə
vurmaq lazım deyil, ciddi və ağır işə başlamaq lazımdır. Heç də
hamı bu işin öhdəsindən gələ bilməz, ancaq onu eləmək lazımdır və o
görüləcək də (Publika.Az).