Adların dəyişdirilməsi Milli Məclisdəki komissiyanın
nəzarətindədir.
Bu haqda Axar.az-a toponimlərin dəyişdirilməsi ilə bağlı
danışarkən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı,
filoloq alim Akif Əli deyib. "Kövüzbulaq" sözünün "Soyuqbulaq" ilə
əvəzlənməsinin ziyalılar arasında birmənalı qarsalanmadığı sualına
cavab verən A.Əli deyib ki, addəyişmə onların səlahiyyətində
deyil:
"Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil
yollarının siyahısının dəyişdirilməsi və 29 may tarixli qanunun
tətbiq edilməsi haqqında Prezident sərəncam verib. Qanun isə Milli
Məclisdə müzakirələrdən keçib. Həmin qanunda Nazirlər Kabinetinin 3
ay müddətində respublikanın müvafiq hüquq aktlarında dəyişikliklər
etməsi nəzərdə tutulub. Nazirlər Kabineti həmin sərəncama əsasən
dəyişikliklər edib.
Yəni adların dəyişdirilməsi Milli Məclisdəki komissiyanın
nəzarətindədir".
Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika
Komissiyasının sədr müavini, akademik Teymur Bünyadov isə bildirib
ki, təkcə sadalanan deyil, bir neçə adlarda bir müddət öncə
dəyişikliklər edilib:
"Məsələn, Əzizbəyov rayonunun adını Xəzər, Dəvəçi rayonunun
adını Şabranla əvəz etmişik. "Xəzər" də, "Şabran" da qədim türk
tayfalarının adıdır. Bu adların bərpa edilməsi pisdirmi?
Tovuzda "Yuxarı ayıflı" və "Aşağı ayıflı" deyilən ərazi var idi.
Bu isə rus dilində "Nijnıy pazornıy", "Verxnıy pazornıy" kimi
tərcümə olunur. Biz bu adları "Yuxarı Əyyublu" və "Aşağı Əyyublu"
adları ilə əvəz etmişik. Cəlilabad rayonunda yerləşən "Kövüzbulaq"
ərazisinə də "Soyuqbulaq" adı vermişik. Buna səbəb "Soyuqbulağ"ın
daha yaxşı səslənməsi və bir çox insanın "kövüz" sözünün mənasını
bilməməsidir. "Kövüz" sözü bugünkü gündə əhali tərəfindən
anlaşılmır. Ad gərək cəlbedici olmaqla yanaşı, praktiki əhəmiyyət
də daşısın.
Əgər bir məkanın tarixi adı düzgündürsə, dövrlə səsləşirsə, onu
dəyişmək olmaz. Biz, əslində, əksər adların qorunmasının
tərəfdarıyıq. Ancaq fikrimcə, "Soyuqbulaq" daha yaxşıdır".
AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi
işçisi Şahlar Məmmədov isə bildirib ki, əgər söz həqiqətən
onomastik vahiddirsə, təbii ki, onun tarixi var:
"Uzun illər ərzində bir sıra toponimlərin adı müəyyən
dəyişikliklərə uğrayaraq yerli tələffüz və danışıq tərzinə uyğun
formalaşıb. Buna, bir növ, əvvəlki adın təhrif edilməsi də demək
olar. Bu gün həmin sözlərin bəzisi müasir dil baxımından tamamilə
mənfi mənalar ifadə edir. Belə olan təqdirdə həm qanunda nəzərdə
tutulmuş formada, həm də dilin normalarına uyğun olaraq onları
dəyişmək olar və bu dəyişiklikləri təqdir edirik..
Ancaq bir söz həqiqətən tarixi onomastik vahiddirsə, bir xalqın,
toplumun tarixi keçmişini tam şəkildə ifadə edirsə və onda heç bir
mənfi çalar yoxdursa, o toxunulmazdır. Ümumiyyətlə, onomastik
vahidlər dilin, xalqın pasportudur və buna toxunmaq olmaz.
Müəyyən gülüş doğuran adlara bənzəyən, mənfi çalarlar ifadə
edən, düzgün səslənməyən onomastik vahidlər isə istisnadır. Bu
halda onları dəyişmək mümkündür. Bəzən isə onomastik vahidin
tarixini bilmədən, sadəcə, qulağayatımlı olmadığı üçün onu digər
sözlə əvəz edirlər. Fikrimcə, bu hal yolverilməzdir".
Ş.Məmmədov dəyişdirilən adlar içərisində əksərini təqdir
etdiyini, ancaq "Kövüzbulaq" sözünün dəyişdirilməsinə qarşı
olduğunu vurğuladı:
"Cəlilabad rayonunda Kövüzbulaq adının dəyişdirilməsi doğru
deyil. Çünki "kövüz" sözü vaxtilə çəki vahidini ifadə edib. Bu söz
xalqın qədim etnoqrafik dəyərlərini yaşadan yer adıdır. Orada
yerləşən bulaq kövüzə bənzədiyinə görə bu məkana "Kövüzbulaq" adı
verilib".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli
59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda edilən
dəyişikliklərə əsasən, Ağcabədi rayonunda "Qiyamadınlı" sözü
"Yuxarı Qiyaməddinli", Astara rayonunda "Telman" - "Çayoba",
Cəlilabad rayonunda "Təzəkənd" sözü "Çəmənli", "Kövüzbulaq" sözü
"Soyuqbulaq", Gədəbəy rayonunda "Yenikənd" sözü "Qızılqaya",
"Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilib. Dəyişikliklər
içərisində yalnız "Kövüzbulaq" sözü narazılıq yaradıb.