Ölənin qanun üzrə birinci növbədə göstərilmiş uşağı,
arvadı və valideynləri sağdırsa və vərəsəliyi qəbul etmək
istəyirlərsə, bu zaman sonrakı növbənin vərəsələrinin vərəsəlik
hüququ yaranmır.
Bu sözləri Axar.az-a hüquqşünas Sadiq Əfəndiyev vərəsəlik
bölgüsündən danışarkən deyib.
Hüquqşünasın sözlərinə görə, qanun üzrə vərəsəliyin nəzərdə
tutulması miras qoyanın vəsiyyət etmək hüququnu
məhdudlaşdırmır:
"Mülki Məcəlləyə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa
şəxslərə (vərəsələrə) iki əsasla – qanun üzrə və ya vəsiyyət üzrə
keçir.
Miras əmlak tam həcmdə vəsiyyət olunmadığı halda, yəni miras
əmlakın bir hissəsi vəsiyyət olunduğu və digər hissəsi
vəsiyyətnamədən kənarda qaldığı halda, kənarda qalmış hissə qanun
üzrə vərəsələrə keçir.
Bir qayda olaraq qanun üzrə vərəsəlik o zaman yaranır ki, ya
ümumiyyətlə vəsiyyətnamə olmur, ya da miras əmlak qismən vəsiyyət
olunur.
Mülki Məcəllədə qanun üzrə vərəsə ola biləcək şəxslər növbəlilik
əsasında müəyyən edilib.
Bunlara aiddir:
Ölənin uşaqları;
Ölənin bacıları və qardaşları;
Xalalar və bibilər, dayılar və əmilər;
Xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları,
onlar sağ olmadıqda isə onların uşaqları.
"Qanunvericilik qanun üzrə vərəsələrin növbəsini müəyyən edərkən
onların miras qoyanla qohumluq əlaqələrinin yaxınlığını nəzərə
alır.
Məsələn, ölənin qanun üzrə birinci növbədə göstərilmiş uşağı,
arvadı və valideynləri sağdırsa və vərəsəliyi qəbul etmək
istəyindədirlərsə, bu zaman sonrakı növbənin vərəsələrinin, eləcə
də beşinci növbənin vərəsələri olan xalauşaqları, bibiuşaqları,
dayıuşaqları və əmiuşaqlarının vərəsəlik hüququ yaranmır, onlar
mirasdan hər hansı bir pay əldə edə bilməzlər.
Qanun ilk növbədə miras qoyana öz əmlakını nəinki övladına,
hətta istədiyi hər hansı bir şəxsə vəsiyyət etmək imkanı
yaradır.
Vəsiyyətnamə olmazsa…
Belə halda əmlak qanunda nəzərdə tutulmuş qaydada qanun üzrə
vərəsələrin növbəliliyi nəzərə alınmaqla vərəsələrə keçir. Bu
növbəliliyin özü də vərəsəlik hüququnun mahiyyətinə heç bir xələl
gətirmir və miras qoyana daha yaxın olan şəxslərə - onun
övladlarına, həyat yoldaşına və valideynlərinə miras əmlakdan ilk
növbədə pay almaq imkanı verir.
Ölümündən sonra öz əmlakının müqəddəratını və yaxınlarının əmlak
mənafeyeni fikirləşən hər bir
şəxs hələ sağlığında vəsiyyətnamə yazmağa nail olmalıdır. Bu cür
vəsiyyətnamələrin notariusun depozitinə verilməsi isə etibarlılıq
baxımından daha məqəsədə uyğundur".
Qeyd edək ki, praktika göstərir ki, əvvəllər mehriban şəkildə
birlikdə yaşamış vərəsələr, vəsiyyətnaməsiz miras əmlakın bölgüsü
zamanı düşmənə çevrilir və onların arasında uzunmüddətli məhkəmə
prosesi başlayır.
Vəsiyyətnamələr isə gələcəkdə bu cür xoşagəlməz halların
qarşısını almaqda ən yaxşı vasitə hesab olunur.