Yanvarın
17-si, axşam saat 19:00 radələrində Niyaz Əmiraslanov adlı Qarabağ
qazisini döyülüb.
Bu barədə Qarabağ qazisinin özü məlumat yayıb (ANS). Qazi
bildirib ki, hücum zamanı onunla bərabər Böyük Vətən Müharibəsi
veteranı Vəli Əmiraslanova da xəsarət yetirilib.
Əmiraslanov deyir ki, onlara hücum edənlər Azad İsgəndərov adlı
iş adamının yaxınlarıdır və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları
olub. Səbəb isə budur ki, Azad İsgəndərovun rəhbərlik etdiyi
tikinti Niyaz Əmiraslanovun evinə gedən yolu kəsir. Qarabağ qazisi
deyir ki, o, yolunun kəsilməsinə etiraz etdiyinə görə hücuma məruz
qalıb.
Niyaz Əmiraslanov baş verənlərlə əlaqədar Binəqədi rayonu, 4-cü
polis bölməsinə şikayət edib. "Bölmədə təhqiqatçı Natiq Teymurov
"səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" - deməyi
mənə döyülməkdən də pis təsir elədi", - deyə Qarabağ əlili
bildirib.
"Riad"ın əməkdaşları xəsarət alıblar
Məsələ ilə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinin
tədqiqatçısı Natiq Teymurovla əlaqə saxladıq. Teymurov "Axar.az"a
açıqlamasında bildirdi ki, dava ilə bağlı bölməyə birinci müraciət
edənlər "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarıdır:
- Yanvarın 17-si 4-cü polis bölməsinə "Riyad" Mühafizə
Xidmətinin əməkdaşları ərizə ilə müraciət edərək, Niyaz
Əmiraslanovun özündən və ailəsindən şikayətçi olduqlarını
bildiriblər. Onlar ərizələrində yazıblar ki, obyektin mühafizəsi
zamanı Niyazın özü və ailə üzvləri tərəfindən döyülüblər. Onların
xəsarətləri var, özü də tibbi ekspertizadan keçiblər. Dünən Niyaz
Əmiraslanovu və ailəsini bölməyə dəvət etdim ki, haqqınızda şikayət
var, ifadə verin. Onlar isə gəlib ifadə verməkdən imtina etdilər və
"Riyad"ın əməkdaşlarına qarşı şikayət ərizəsi ilə verdilər.
Mən nə dediyimi bilirəm
Tədqiqatçı Qarabağ qazisinə qarşı işlətdiyi kobud ifadələr
haqqında da danışdı:
- Mən onun yanında cəmi 3-4 dəqiqə olmuşam. Bir də ifadə
verməkdən imtina etdiyi zaman orada olmuşam. Niyaz dedi ki, mən
Qarabağ iştirakçısıyam. Sənə görə döyüşmüşəm. Sən oturmusan burada,
mən döyüşmüşəm. Mən də ona dedim ki, sən mənə görə yox, Vətən üçün
döyüşmüsən, torpaq üçün döyüşmüsən. Mən ona qətiyyən "səni Qarabağa
mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" kimi ifadələr
işlətməmişəm. Mənim ağlım var, şüurum var. Nə dediyimi bilirəm.
Polisə də dedim ki, məni yatızdıran sən
oldun
Qarabağ qazisi isə "Axar.az"a açıqlamasında bildirdi ki, hadisə
yerinə gələn polislər onu aldadıblar:
- Biz "Riyad"ın Mühafizə Xidmətinin əməkdaşları ilə dava edəndən
sonra polis gəldi ora. Dedi ki, mən həll edəcəm məsələni. Aradan
iki gün keçdi, polis bölməsindən bir nəfər gəldi ki, bəs sizin
haqqınızda şikayət var, sizə qarşı cinayət işi qaldırıblar. Ondan
sonra mən şikayət ərizəsi verməyə getdim. Polisə də dedim ki, məni
sakitləşdirən sən oldun. Sən məni yatızdırdın, bunlar öz işlərini
gördü.
Gözünün içinə kimi yalan deyir
Tədqiqatçı Natiq Teymurovun kobud ifadələri və nalayiq sözləri
ilə bağlı yayılan xəbərə qazi bir daha aydınlıq gətirdi:
- Onunla söhbətim zamanı orada vətəndaşlar da olub, polislər də.
O mənə "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin"
dedi. Çox pis təsir etdi sözləri. İndi sizə nə deyirsə, gözünün
içinə kimi yalan deyir.