Moldovo Respublikasının ombudsmanı Aurelia Qriqorianı Ermənistan
parlamentindəki məşhur çıxışından sonra tanıdıq və sevdik. Xocalı
soyqırımının ermənilər tərəfindən törədilməsini Ermənistanın
paytaxtında cəsarətlə deməsi çoxlarının heyrətinə, ermənilərin isə
nifrətinə səbəb oldu.
Bu yaxınlarda Bakıya səfər edən Aurelia xanımla əlaqə saxlayıb,
bir neçə sualımızı cavablandırmasını xahiş etdik.
- Bakıdan hansı təəssüratlarla ayrıldınız?
- Doğmalarımdan ayrılırmış kimi. Şəhəriniz və insanlarınız
gözəldir. Bakıya yenə gəlmək istərdim.
- Moldovada keçiriləcək yeni ombudsman seçkilərinə
qatılacaqsınızmı?
- Moldovoda tezliklə qanun dəyişikliyi olacaq və ölkədə bir
ombudsman fəaliyyət göstərəcək. Və o, artıq var, bilinir kimdir.
Ona görə də mənin ərizə verməyimin, seçkiyə qatılmağımın heç bir
mənası yoxdur. Səlahiyyət müddətim isə oktyabrın 30-da başa
çatır.
- Yeni işlə bağlı hər hansı planınız varmı?
- Əlbəttə, insan hüquqlarının müdafiəsi ilə məşğul olacam. Amma
harda? Bunu hələ aydınlaşdırmamışam.
- Sizə qarşı təzyiq və təhdidlər davam
edirmi?
- Bəli. Təzyiq həmişə var və bitəcəyi gözlənilmir. Düzdür, indi
bir qədər səngiyib, amma növbəti təhqir və təhdid gözlənilir.
Onlara verilən tapşırıqlar məni işdən uzaqlaşdırmaqdır. Parlamentə
təqdim etmək üçün imzalar toplanılır.
- Bunu edənlər kimdir?
- Mənim xidmət göstərməyimi və haqqın səsinə səs verməyimi
istəməyənlər.
- Moldovodakı erməni lobbisi və erməni icması da həmin
istəməyənlər sırasındadır?
- Moldovadakı erməni icması mənim işdən uzaqlaşdırılmağım üçün
bütün mümkün imkanlardan istifadə etdilər və edirlər. Həyatımın və
işimin təhlükə altında olması istiqamətində bütün işləri görürlər.
Ona görə də həyat yoldaşımla bir məsələnin üstündə fikirləşirik:
Mənə burda qalıb yaşamaq və işləmək olar, yoxsa yox. Bu məsələni də
belə asanca qərarlaşdırmaq olmur... Başa düşürük ki, burda yaşamağa
və işləməyə bizə imkan verməyəcəklər...
- Azərbaycanda yaşamaq barədə düşünürsünüzmü?
Bilirsinizmi ki, burda sizi çox sevirlər və heç bir probleminiz
olmayacaq?
- Bilirəm və bu sevgi qarşılıqlıdır. Bakıda olanda bu sevgini,
qayğı və diqqəti hiss etdim. Amma işlə bağlı qəti olaraq qərar
verməmişəm. Dünən Türkiyədən ezamiyyətdən qayıtmışam, həm yorğunam,
həm də verdiyiniz sualın cavabını ləngitməyim münasib olardı.
Türkiyədə Avropa ombudsmanlarının beynalxalq simpoziumunda iştirak
etdim. Və çox xahiş edirəm, xüsusi ilə qeyd edəsiniz ki, Türkiyədə
mənim təhlükəsizliyim ən yüksək səviyyədə və peşəkarcasına təmin
edilmişdi. Buna görə tədbirin təşkilatçısı və rəhbəri Türkiyənin
ombudsmanı M.Nihat Öməroğluna təşəkkürümü bildirirəm. Eyni zamanda,
ayrıca olaraq Türkiyənin Moldovadakı səfiri cənab Mehmet Səlim
Qartala minnətdarlıq edirəm.