ANS-in "Hesabat"ında vəhabilərlə bağlı efirə gedən və
"Cənnətin orijinalı ərəb ərazisində deyil" başlığı ilə mediada da
dərc olunan Mir Şahinin müəllif fikirlərinə sələfilərin lideri
sayılan Qamət Süleymanov cavab verib.
Qamət Süleymanov "Qamət Süleymanov Mir Şahinə rədd cavabı verdi"
adı ilə mediaya göndərdiyi video müsahibəsi "Mir Şahinin bəzi
iftiralarına cavab" sözləri ilə başlayır.
Bunu deməyə ancaq Mirşahin
Ağayevin cürəti çatır...
(video-müsahibə)
- ANS kanalının "Hesabat" proqramında Suriyaya gedən
azərbaycanlılarla bağlı məlumat verildi. Bu proqramda səslənən
iddia və fikirlər haqqında sizin fikirlərinizi öyrənmək Azərbaycan
müsəlmanları üçün maraqlı olardı. Birinci sual odur ki, proqramda
sələfilər, vəhabilər, xəvaricilər və təkfirçilər hamısı eyni qrup
kimi səsləndi. Sizin buna münasibətiniz necədir?
- Təbii ki, qardaşlar göstərdilər o proqramı mənə. Həmişəki kimi
bu səhvdir. Kim belə danışır, kim belə edir, səhv edir. Birincisi,
vəhabilik yoxdur. Ola bilsin ki, cəmiyyətdə müəyyən tərəflər var.
Onlar istəyirlər ki, bu söhbət qalsın. Və istəyirlər ki, hansısa
tərəf özünə desin ki, "bəli vəhabilər bizik". Mən yenə deyirəm biz
vəhabi olsaq deyərik ki, "biz vəhabiyik". Amma biz vəhabi deyilik.
Ümumiyyətlə vəhabi deyə bir şey olmayıb. O ki qaldı sələfilərlə
təkfirçiləri bir edənə, ya o adamın savadsızlığından irəli gəlir,
ya da qərəzli xarakter daşıyır. Başqa bunu mən heç cür adlandıra
bilmərəm. Çünki sələfilik ayrı bir yoldur. Bu peyğəmbərlərin,
səhabələrin yoludur. Bu yol da radikallığın əleyhinədir. Və biz
həmişə radikallığın əleyhinə olmuşuq. Özünüz də şahidsiniz ki,
dövlətdə gedən müəyyən proseslərə qoşulmamışıq. Baxmayaraq ki,
dəfələrlə dəvət də olunmuşuq. Ancaq biz qoşulmamışıq. Ona görə
sələfilər Azərbyacanda xüsusən seçilirlər. Ki, nə nümayişə, nə
hakimiyyətə qarşı, nə təfriqəçilik, nə radikallıq - əksinə, biz
həmişə belə fikirlərin əleyhinə olmuşuq. Və belə adamlar tərəfindən
də həmişə hücuma məruz qalmışıq. Ona görə yenə qeyd edirəm: kim ki,
bizi o radikallarla bir tutur, o, ya savadsızdır, cahildir dini
cəhətdən, ya da qərəzli xarakter daşıyır. Vəssalam! Mən bunu başqa
cür adlandıra bilmərəm.
- Verilişdə partlayıcılar və qorxunc kadrlar göstərildi.
Sıravi izləyicidə elə bir təsəvvür yaratdılar ki, sanki sələfilər
bunu dəstəkləyir. Bu, doğurdan da belədirmi?
- Görsənir ki, veriliş qərəzlidir. Yəni sələfiləri pis göstərmək
istəyirdilər. Əlhəmdülillah, sələfilər bu cür əməllərin
əleyhinədirlər. Heç vaxt dəstəkləməyiblər. Ümumiyyətlə, biz deyirik
ki, o partlayışlar, insanın özünü partlatmağı və ya gedib bazarda,
metroda, vağzalda partlayış etməyinin İslamla heç bir əlaqəsi
yoxdur. Biz heç vaxt belə əməlləri dəstəkləməmişik. Əleyhinə
olmuşuq və əleyhinə də olacağıq. Bu, növbəti yalanlardan biridir
bizə qarşı.
- Aparıcı qeyd etdi ki, əvvəllər sələfilərin sayı az
olub. Və o zaman bizə qarşı çox danışırdılar. İndi isə sələfi
camaatı çoxaldığına görə ancaq pıçıldaya-pıçıldaya danışırlar. Belə
çıxır ki, bunu deməyə ancaq Mirşahin Ağayevin cürəti
çatır.
- Təbii ki, bu da düz deyil. O vaxt çox danışırdılar, amma bizim
azlığımıza görə yox, sadəcə, bu barədə maarifçilik yox idi. Ona
görə elə bilirdilər nəsə yad dindir, başqa din adlandırırdılar
bizi, sonra beşinci məzhəb adlandırırdılar bizi. İndi isə sadəcə,
insanlar müəyyən qədər maarifləniblər bu məsələdə. Ona görə
söhbətlər azalıb. Çünki sərhədlər açıldı, camaat xüsusən Məkkəyə
getdi-gəldi. Və xüsusən dünyanın başqa ölkələrini gedib, gördülər.
İnsanlarda məlumat daha genişləndi. Bu onunla bağlıdır. Yoxsa o
vaxt çox danışırdı. İndi qorxurlar, az danışırlar və ya kimsə
igidlik edir – bunlar boş söhbətlərdir hamısı.
- Proqramda göstərildi ki, Qəzzafini və Mübarəki
sələfilər deviriblər. İndi də Əsədi məhz sələfilər hakimiyyətdən
salmaq istəyirlər. Sizcə bu belədir?
- Yenə də gülünc fikirlərdir. Və görsənir ki, adam oradakı
prosesləri dərindən bilmir. Bu Qəzzafini, həmçinin Mübarəki,
həmçinin Əsədi xalq devirir, sələfilər yox. Xalq. Əsədi Mübarəklə
və ya Qəzzafi ilə müqayisə etsək, onun halı daha pisdir. Əsədə
qarşı çıxmağın əleyhinə idik. Ona görə də xalqın hamısını sələfi
eləmək doğru deyil. Sadəcə, məsələlərə başqa cür don geyindirilir.
Ümumiyyətlə, jurnalist bir məlumat verəndə onu dəqiqləşdirməlidir.
Bu Azərbaycandakı jurnalistlər arasında hələ ki, tam şəkildə
formalaşmayıb. Məsələn bəzi jurnalistlər bəzi məsələlərdən
danışırlar (xüsusən dini mövzulara aid olan məsələlərdən), oxuyanda
görürsən ki, adam məsələni heç özü düzgün başa düşməyib. Ona görə
belə danışır. Məhz buna görə bu cür məsələlərdə mütəxəssis
danışmalıdır. Onlar fikir bildirməlidirlər. Bu, düzgün addım olar.
Xüsusən televiziya, radio və ya qəzet vasitəsi ilə hər adam çıxıb
nə isə danışsa, bir kəlmə belə fitnəyə səbəb ola bilər. Ona görə
belə məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır. Xüsusən də dini
məsələlərdə. Xüsusən cürbəcür əqidələrə aid olan məsələlərdə. Hər
bir jurnalist buna riayət eləsə, bu, daha düzgün olar, düzgün addım
atmış olarlar.
- İddia olunan ittihamlardan biri də sələfi camaatından
başqa hamının cəhənnəmlik olmasıdır. Yəni sələfilər belə
fikirləşir?
Daha ətraflı videoda:
Mir Şahinin sözügedən sujetini təqdim
edirik: