Artıq on ildən çoxdur ki, Bakının bir çox mərkəzi
bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə dana
əti adı altında çox vaxt camış əti satılır.
Bunu başa düşmək üçün ətdən başı çıxan adamın sadəcə baxması da
kifayətdir - camış əti dana əti ilə müqayisədə nisbətən ağ olur.
Alıcılar əslində camış əti yediklərini bilməsələr də, aldıqları
maldan çox razı qalırlar, dadına alışdıqları ət həmişə təzə olur.
Satıcılar isə ətin halal və təhlükəsiz olmasına ürəkdən and
içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyırlar və orada
malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar nəzarəti
aparıldığına əmindirlər.
ANS PRESS-in araşdırması da təsdiqləyir ki, Bakı platosunun
şimal-şərqində yerləşən həmin iri sallaqxanada kəsilən malların
70%-dən çoxu camış olur və peşə jarqonu ilə "Kürdəmir əti" kimi
tanınan bu məhsul qəssablar arasında çox populyardır. Bəzi məhəllə
qəssabları hətta özləri 80-100 kiloqramlıq bir dana kəsirlər və
onun gözünə 40 kiloqram da "Kürdəmir əti" qatıb satırlar.
Qazancları da az olmur - kiloqramını 5 manatdan götürdükləri əti 8
manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində
100-120 manat əlavə pul götürürlər.
Belə insafdan kənar üsulla qazanılan pulu, təbii ki, halal
saymaq olmaz, çünki istehlakçının aldadılması yolu ilə əldə edilir.
Amma bununla belə, son günlərdə yayılan xəbərlər göstərir ki, hazır
ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları istehal edən
sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında
satanları az qala günahsız mələk saymaq olar. Bu cür "qəssab"ların
kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da
at, eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz
rayonun Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və
eşşək sümüyü bunun bariz sübutudur.
Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssislərinin fikrincə,
həmin at və eşşəklərin əti, böyük ehtimalla, emal müəssisələrinə
aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar həkim Fizuli
Qurbanov bildirib ki, həmin atlar və eşşəklər kəsildiklən sonra
ətlərinin tam çıxarıldığı aşkar edilib. "Bu, onu göstərir ki, ətlər
bazara yox, emal müəssisələrinə aparılıb, yəni kolbasa, sosis və s.
kimi ət məsullarının istehsalında işlədilib",- deyə Fizuli Qurbanov
vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı qeyri-rəsmi
kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX
mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil.
Bu günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək
sümükləri də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət
məhsullarının satış ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ
rayonunda da ətin sümükdən peşəkarlar tərəfindən ayrıldığını
bildirirlər. Yəni həmin ətin qida sektoruna yönəldildiyi açıqca
görünür (ANS).
Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində
tapılmış onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska
istehsalına yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər
il minlərlə at və eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə
göndərilir. Bunu statistika ilə sübut etmək olar. Statistikaya
görə, Azərbaycanda 76 min at və 44 min eşşək var. Adətən at və
eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan əhalisi atı və eşşəyi
sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən kimi onunla
vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc sayılır.
Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin öldüyünü
gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonar harasa
yox olurlar.
Yəni hər il orta hesabla 7 min at və 4 min eşşək bu cür yox
edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir neçə il qabağa
qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi işbazlar
gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri
şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at
əti idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük
ehtimalla həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət
emalı sexlərinə yönəldilir. Yəni bir atın orta hesabla 200
kiloqrama qədər ət verdiyi nəzərə alınarsa, bu üsulla il ərzində
1500 tona yaxın at və eşşək ətinin kolbasa sexlərinə verildiyini
güman etmək olar. Bu, 2012-ci ildə Azərbaycanda toplam istehsal
edilmiş kolbasa məmulatlarına təxminən bərabərdir. Statistikaya
görə, inişil ölkədə 1543,8 min ton kolbasa istehsal edilib ki,
bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi rayonunun, 61,5
tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb.
Şirkətlər kolbasa məmulatlarının ətdən ucuzluğunu Hindistandan
gətirilən ucuz sümüksüz ətlə izah edirlər. Düzdür, 2012-ci ildə
Hindistandan 3,5 min ton sümüksüz camış əti gətirilib. Amma onun
kiloqramını Hindistanda təxminən 2 dollara verirlər. Digər xərclər
nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata düşür. Yerlərdən
alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha olmur, məsələn
200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat ödəyirlər.
Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq evlərinə
verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta
Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal
hiss etmək olur. Həm də ANS PRESS-in araşdırmasına görə, at və
eşşək ətinin bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa
sexlərinə verilir. Rəqəmlər bu durumda ölkədə istehsal edilən
kolbasa məmulatlarının təxminən yarısının at və eşşək ətindən
istehsal edildiyini güman etməyə imkan verir.
Əslində at ətinin qidada istifadə edilməsində böyük qəbahət
yoxdur, Orta Asiyanın əksər türk respublikalarında at əti yeyilir.
Həm də 1-2 illik cavan atların əti dietik sayılır və qara ciyər
xəstəliklərinin dərmanıdır. Lakin Azərbaycanda kəsilən atların yaşı
10-15-i keçdiyinə görə onların əti bu özəlliklərə malik deyil. Həm
də digər türk xalqlarından fərqli olaraq oğuz türkləri, yəni
türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən at əti
yeməyiblər. Türkmənistanda hətta ata qida məqsədi ilə kəsmək
cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə
məkruhdur. Burada ən təhlükəli məqam isə həmin ətlərin normal
sanitariya şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan
kəsilməsindədir. Yəni haramlığı bir yana, bu cür gizli kəsilən
ətlər istehlak bazarına çox dəhşətli xəstəliklər bəxş edə
bilər.
Elə bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi Azərbaycanda
da, qanunvericiliyə görə, heyvan kəsimə getməzdən qabaq mütləq
həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi Fizuli Qurbanovun
sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk növbədə
bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: "Yəni yerli
baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə
baytarı bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb,
hansı vaksinalar və dərmanlar vurulub. Əgər heyvana vaksina
vurulubsa, onu kəsmək olmaz, müəyyən müddət keçməlidir. Çünki
vaksina əslində müəyyən xəstəliklərin virusudur. Məsələn, heyvana
qara yara peyvəndi edilibsə, 10 gün kəsmək olmaz; zərdabı
vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini vurulubsa, heyvanı
21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda xəstəliyə qarşı
immunitet yaranır və həmin virusları yox edir",- deyə DBX
təmsilçisi vurğulayır.
Yəni baytar heyvanın kəsimə yararlı olması barədə diri halda
baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra heyvanı kəsim
məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli məqam
akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən sonra
isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı toxumalar,
içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar
xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir
ki, Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə
kimi iri şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq
ekspertiza laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən
ətlərin vəziyyətinə az-çox nəzarət etmək olur. Amma ən qarışıq
vəziyyət regionlardadır.
Son 20 ildə bu sahədə vəziyyət xeyli çətinləşib - heyvan sayı
artıb, baytar həkimlərin sayı isə dəfələrlə azalıb. Məsələn, ölkə
üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda buynuzlu
mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox baytar
həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu isə
kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7
milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara
qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real
artım isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi
Azərbaycanın regionlarında fəaliyyət göstərən həkim sayı isə
1000-dən çox deyil. Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir
ki, onun da praktiki olaraq bütün heyvanlara nəzarət etməsi mümkün
deyil. Yəni normal baytar nəzarəti göstərilməsi üçün kiçik və orta
kəndlərin hər birində bir baytar həkim, böyük kəndlərdə isə 2 və ya
3 baytar həkim ştatı açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və
kəndlərdən elə də fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə
dövlət ştatında olan baytar sayı 5 mini keçməlidir. Yəni indi
Şəmkir kimi iri bir rayonda cəmi 20 baytar həkim var ki, onların
kəsilən bütün ətlərə, kəsimə gedən bütün heyvanlara nəzarət etməsi
fiziki cəhətdən mümkün deyil.
DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, Azərbaycanda bu
sayda baytar həkim var, yəni ştatlar açılarsa, onları kadrla təmin
etmək çətin olmaz. "Beynəlxalq Epizodik Büronun xüsusi qrupu
araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və rayonlarda toplam 5
minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar ştatı açarsa,
təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək olar",- deyə
təcrübəli baytar vurğulayır.
Lakin burada vacib olan başqa bir məqam heyvanların
birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan andan birka
vurularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib çıxması
mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka
nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə
olduğunu ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən
qaramal üçün pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər
heyvanlar barədə bütün məlumatlar mərkəzləşmiş bazada topdanır.
Bstənilən baytar birka nömrəsi ilə ölkənin istnilən yerindən
internetə girərək heyvan barədə məlumat ala bilir. Yəni belə olan
halda xəstə və vaksinləşdirilmiş heyvanın kəsimə verilməsi də
qeyri-mümkün olur. "Bu sahədə bizdə də beynəlxalq təşkilatlarla
layihələr aparılır. Artıq bütün cins atların nömrəsi var, xaricdən
gətirilmiş mallara da nömrə vurulur. İndi bütün heyvanların
birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu dövlət
vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə
sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu
gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da
güclənəcək, at və eşşəklərin, murdar və xəstə ətlərin istehlak
bazarına girməsinin qarşısı alınacaq", - deyə Fizuli Qurbanov
bildirir.