Bu gündən Azərbaycanda bir çox qanunlar qüvvəyə
minir.
ANS həmin qanunları sizə təqdim edir:
1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2016-cı il üçün
yaşayış minimumunun məbləği ölkə üzrə 136 manat, əmək qabiliyyətli
əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117
manat məbləğində müəyyən edilib.
2. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə
2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq
edilib.
3. Azərbaycan Prezidenti İlham Əliyev "Doktorantlara, ali
təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması
haqqında" sərəncamı qüvvəyə minib. Sərəncama əsasən, ödənişli
təhsil alan tələbələrə təqaüd veriləcək.
Azərbaycanda spirtli içkilərin
nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib.
Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün
məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış
məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada
ödənilməsinə yol verilmir.
Buna görə də bu gündən etibarən istehsal və satış obyektlərində
aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması
həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin
nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər
mövcud olmalıdır.
Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların
siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə
(alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və
tütün məmulatları daxildir.
Yanvarın 1-dən həmçinin Azərbaycanda gəlir vergisi ilə bağlı
güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi
genişləndirilir.
İndiyə qədər fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının
olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq
gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə
yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda
əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli
məbləğində olan hissəsi gəlir vergisindən azad olunub.
2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin əsas iş yerində
(əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar
əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış
minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə
yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir
vergisindən azad ediləcək.